''Sanksiyalar Türkiyəni gücləndirəcək'' - GENERAL

Hazırda oxunan: ''Sanksiyalar Türkiyəni gücləndirəcək'' - GENERAL

5435

1974-cü ildəki Ankaraya silah embarqosu Türkiyəni daha da gücləndirmişdi. Hazırda dünya müdafiə sənayəsində Türkiyə xüsusi çəkiyə malikdir.

ABŞ Türkiyəyə, öz tarixində ilk dəfə bir NATO ölkəsinə qarşı müxtəlif əsassız səbəblərlə sanksiya tətbiq etdi deyən Türkiyəli general Yücel Karauz Bizim.Media-ya açıqlamasında sanksiya hədəfinin müdafiə sənayesi olduğunu bildirdi:

"Əlbəttə biz bilirik ki, bu sanksiyalar təkcə S-400 ilə əlaqədar deyil. Burda əsas məsələ Türkiyənin bəzi qərb asılılıqlarını aradan qaldırıb, Ankaranın öz müdafiə sistemlərini tətbiq etməsi, müstəqil xarici siyasət yürütməsidir”.

Türkiyənin ölkəmizdəki keçmiş hırbi attaşesi əlavə etdi ki, S-300 və S-400 hava hücumundan müdafiə sistemləridir. Bu komplekslər NATO-ya aid 3 ölkədə var. Yunanıstan, Rumıniya və Bolqarıstanda da bu sistemlər mövcuddur:

''Yunanıstan S-300-ləri 2011-ci ildə alıb və 2013-cü ildə sınaqlarını reallaşdırıb, bu il də istifadə ediblər''.

''S-400 isə, bu silahların daha müasir versiyasıdır. Hazırda yanlız Rusiyada və Türkiyədə var. Rəsmi Ankara Rusiyadan bu silahı almadan öncə, NATO-da ölkənin hava hücumundan müdafiə üçün müəyyən sistemə ehtiyac duyduğunu dəfələrlə xatırladıb. Lakin NATO Türkiyəyə "Patriot"un satışına icazə verməyib. Bu səbəbdən Türkiyə HHM-i təmin etmək üçün, Çindən müəyyən kompleks almaq üçün danışıqlara başladı. Amma yenə də ABŞ və qərb ölkələri bunun həyata keçməsinə imkan vermədi''.

General qeyd edir ki, bundan sonra Türkiyə yenidən "Patriot" almaq üçün Vaşinqtonla danışıqları bərpa etdi. Lakin ABŞ-ın yekun qərarı bu sistemi Türkiyəyə satmamaq oldu:

“Təsəvvür edin ki, Birləşmiş Ştatlar İspaniya kimi hava hücumu təhlükəsi olmayan ölkələri "Patriot"la təmin edir, ancaq bu hava hücumundan müdafiə sistemini Türkiyəyə satmır. Bütün bu qadağa və təzyiqlərə görə, Türkiyə HHM-i təmin etmək üçün Rusiyadan S-400 sistemini aldı və sınaqdan keçirtdi"

Yücel Karauz vurğuladı ki, S-400 NATO təyyarələrinə bir təhlükə yaratmır:

"Türkiyənin NATO sistemləri almaq istəyinə müsbət cavab vermədilər, türk ordusunun bu boşluğunu doldurmadılar və Ankara da bu müdafiə komplekslərini Kremldən aldığı üçün sanksiya ilə üzləşdi. Tarixdə ilk dəfə ABŞ bir NATO üzvünə sanksiya tətbiq etdi”.

Yücel Karauz Türkiyənin belə çətinliklərlə ilk dəfə üzləşmədiyini deyərək, Kipr barışını xatırlatdı:

"Tarixə baxsaq, Kiprin barış hərəkatı, 1974-cü ildə Türkiyə silah embarqosu ilə qarşılaşmışdı. Bunun nəticəsində də Türkiyənin öz müdafiə sənayesi yaradıldı və müəyyən hərbi təchizat asılılıqları aradan qalxdı. Və bu gün dünyanın müdafiə sənayesində xüsusi çəkiyə malik bir dövlətin vətəndaşlarıyıq. Sanksiya hər zaman alternativ çıxış yolları axtarıb, tapan Türkiyənin cəzalandırılması metodudur”.

Hərbi ekspert onu da qeyd edir ki, sanksiyanın səbəbləri aydındır. Türkiyə Suriyada bir kürd dövlətinin yaradılmasına icazə vermədi. Eyni zamanda, Türkiyəninin Liviyaya müdaxilə etməsini, İraqda müstəqil xarici siyasət aparması və yekunda Qarabağda Azərbaycanı dəstəkləməsini, Bayraktar kimi silahlarla yardımını qəbul etməyən ABŞ, Türkiyəni özündən asılı vəziyyətə gətirmək istəyir.

Lakin Türkiyə bu çətinlik və qadağaları üstələyəcək deyən Yücel Karauz Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyevin Türkiyənin yanında olması və dəstəyini qardaş xalqın yüksək qiymətləndirdiyini dedi:

"Bütün baş verənlərdən nəticə çıxardan qardaş ölkələr, Azərbaycan və Türkiyə birgə müdafiə sistemlərinin istehsalını, hərtərəfli əməkdaşlığı davam etdirərək daha da güclənəcəklər" - deyə, Yücel Karauz fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO