İsmayıllı rayonunda baş verən avtoqəza nəticəsində T. Yaqublunun xanımı və Müsavat fəalı yaralanıb
Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri və vəkili avtomobil qəzası keçiriblər. Bu barədə musavat.com-a T. Yaqublunun qızı və “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu məlumat verib. N. Yaqublu özü də qəza keçirib və yüngül yaralanıb.

T. Yaqublunun xanımı Maya Yaqublu və müsavat fəalı, maşının sürücüsü Çingiz Əli yara aldıqları üçün xəstəxanaya aparılıb.
T. Yaqublunun vəkili Xaliq Bağırov da qəza nəticəsində yüngül zədə alıb, lakin vəkil musavat.com-a deyib ki, heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Müxbirimiz Nərgiz Yaqublunun da durumu yaxşıdır.
Hadisə İsmayıllı rayonunun Xənəgə kəndinin ərazisində baş verib. Vəkil Xaliq Bağırov musavat.com-a deyib ki, sıx duman olması səbəbindən maşın yoldan çıxıb və dərəyə yuvarlanıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.
22:03
Nərgiz Yaqublunun musavat.com-a verdiyi son məlumata görə, hazırda Maya Yaqublunun vəziyyəti yaxşıdır. Maşının sürücüsü, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü Çingiz Əli isə rentgen müayinəsindən keçir.
23:10
İsmayıllı rayon xəstəxanasından musavat.com-a bildirilib ki, Çingiz Əlinin vəziyyəti ağırdır, lakin kritik deyil.
Artıq onun üçün Bakıdan həkim briqadası çağırılıb.
Həkimlər artıq yola çıxıblar.
23.45
Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, bir qədər əvvələ qədər vəziyyəti normal olan Maya Yaqublunun durumu qəfil pisləşib. Çingiz Əlinin də vəziyyətinin ciddi olduğu bildirilir. Bakıdan gedən həkim briqadası hələ rayona çatmayıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı artıq xəstəxanadadır. Bakıdan jurnalistlər də İsmayıllıya yollanıblar.
00.28
İsmayıllı rayon xəstəxanasının baş həkim müavini Lətif bəyin musavat.com-a verdiyi məlumata görə, Çingiz Əlinin vəziyyəti çox ağırdır, o, hazırda huşsuz vəziyyətdədir; lazım olan bütün yardımlar göstərilir. T. Yaqublunun xanımı Maya Yaqublunun vəziyyəti isə stabildir, ona da bütün tibbi yardımlar edilib.





































































































