İranda 9 il azadlıqdan məhrum edilmiş azərbaycanlı fəallar Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirir. Dünya Azərbaycanlıları Konqresinin həmsədri, deputat Sabir Rüstəmxanlı həmin fəallara müraciət edib. Müraciətdə deyilir: “Siz həbsxanada olduğunuz halda ruhən azad olduğunuzu, aclıq aksiyanızla mənəvi zənginliyinizi, rejimin ən ağır basqıları altında əqidənizdən, milli davadan dönməməyinizlə iradənizi və böyüklüyünüzü bütün dünyaya sübut etdiniz. Həmçinin fars rejimi, sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirdi. Qollarınızda qandal olduğu halda belə siz qalib gəldiniz.
Əziz qardaşlarım! Bizi qarşıda böyük və şərəfli bir mübarizə yolu gözləyir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Haqq uğrunda aparılan mücadilə mütləq qalib gələcək. Gələcək mübarizədə iştirak etmək və həmin qalibiyyəti görmək ən çox sizin haqqınızdır. Bütün bunları və 20 günlük aclıq aksiyanızın artıq beynəlxalq aləmə kifayət qədər səs saldığını və müxtəlif reaksiyalara səbəb olduğunu nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırıram”.






































































































