Fazil Mustafa: “Kirayədə qalana pis, borcla ev alana yaxşı baxırlar”

Hazırda oxunan: Fazil Mustafa: “Kirayədə qalana pis, borcla ev alana yaxşı baxırlar”

188608

Günümüzdə gənc ailələrin yaşadığı problemlərdən biri də ev məsələsidir. Çox sayda cütlük borc-xərc edib ipoteka ilə mənzil alır. Ancaq qiymətlər elə yüksəkdir ki, bu kreditləri ödəməyə bir ömür bəzən kifayət etmir.  Bir sıra ölkələrdə insanlar “bu həyatı bir dəfə yaşayırıq” deyib kirayədə qalırlar, özlərini borc stresinə salmırlar.

Bəs görəsən, Azərbaycanda mənzil almaq sərfəlidir, yoxsa kirayədə qalmaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa bildirib ki, ipoteka şərtləri və insanların gəlirləri yetərli olmalıdır: 

“Bundan əlavə, mənzil məsələsində aldatma halları da kifayət qədər var. Bu amil də təsir edir. Xaricdə insanların həyata baxışı fərqlidir. Məsələn, biz ikimərtəbə ev tikirik, üstünü basdırmasaq da, qonşu bilməlidir ki, bizim ikimərtəbəli evimiz var. Başqasının gözünə yaxşı görünmək üçün yaşayırıq. Bu, təkcə mənzil ilə bağlı deyil, diplom, maşın və bir çox istiqamətlə bağlıdır. Ona görə də bizim məsələmiz təkcə mənzilin baha olması deyil. Öz həyatımızı yaşamaqla bağlı problemimiz var”.

F.Mustafanın fikrincə, cəmiyyət olaraq öz həyatımızın dəyərini qiymətləndirməkdə çətinlik çəkirik. Buna görə də həyatımızı boş, mənasız, lazımsız istiqamətlərə o qədər sərf edirik ki, bunu sonradan bərpa eləmək çətin olur. 

Kirayədə qalmaq həm də bir “prestij” məsələsidir. Kirayədə qalmağa pis, borc içində ev almağa yaxşı baxılır. Halbuki həyat doğrudan da bir dəfə verilir və onu hər hansı bir şəkildə başqasının qane olması üçün yaşamaq doğru deyil”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə məsələnin detallarını belə izah edib:

“Ümumi qiymətlərə baxsaq, böyük şəhərlərdən danışmalıyıq. Rayon və kəndlərin əksər yerlərində qiymət daha ucuz və əlçatandır. Amma çoxluq Bakı şəhərinə can atır. Ali təhsil müəssisələrinin, nazirliklərin, iş yerlərinin Bakıda olması əsas səbəblərdir. Hazırda minimal əməkhaqqı 400 manat civarındadır. 

Amma bu gün metro stansiyalarına yaxın birotaqlı köhnə binalardakı kirayə mənzillərin aylıq ödənişi minimal əməkhaqqına bərabərdir. Burada tərs mütənasiblik yaranır. Orta hesabla 350-400 manatı nəzərdə tuturuq. Lakin ikiotqalılar, yeni tikililər daha bahadır. 

Yəni evi olmayan və minimal əməkhaqqı ilə işləyən şəxsin məvacibi yalnız kirayə puluna çatır. Amma bəzi bölgələrdə minimal əməkhaqqına kirayədə qalmaq və yaşamaq mümkündür”.

Ekspert qeyd edib ki, satış qiymətləri kəskin bahadır: 

“Xarici ölkələrlə müqayisə etsək, əksər Avropa ölkələrində, xüsusilə, qardaş Türkiyədə insanların böyük hissəsi kirayədə qalırlar. Çünki aldıqları əməkhaqqı həm kirayəni ödəməyə, həm də problemlərini qarşılamağa imkan verir. 

Azərbaycanda hər kəs əmlak almağa çalışır. Bu, genetik gələn psixoloji xarakterdir. Çox sayda insanların evi yoxdur, amma bəzi insanların çox sayda evi var. 

Sözügedən şəxslər əllərinə gələn son qəpikləri belə daşınmaz əmlaka xərcləyirlər. Bu, həm genetik istəkdir, həm də mövcud vəziyyətdə Azərbaycanda ən etibarlı, dayanıqlı sahə daşınmaz əmlakdır. Qiymət tez-tez artır. Bu gün alınan əmlakı 1 il sonra daha baha satmaq mümkündür.
Bu baxımdan insanlar düşünürlər ki, onların çəkdiyi əziyyəti övladları çəkməsinlər. Beləliklə, kreditə ev almaq fikrinə yönəlirlər. Bəzi insanlar isə evdə yaşamasa da, kreditə mənzil alıb kirayəyə verirlər. Oradan aldıqları pulla ödənişlərini edirlər. Kredit bağlanandan sonra isə mənzil vətəndaşa qalır”. 

O əlavə edib ki, bu gün dövlət layihəli binalardan Mənzil İnşaatı Dövlət Agentliyindəki satışa çıxarılan mənzillərin ilk ödənişləri və aylıq ödənişləri çox azdır:

“Buna oxşar digər sosial layihələr də var. Amma düşünürəm ki, aztəminatlı evsiz insanların problemlərinin həlli üçün mütləq şəkildə bu cür sosial layihəli tikililər aparılmalıdır. Çünki insanların kreditdən əlavə etdikləri xərclər iqtisadiyyata qayıdır. Bu baxımdan ev problemləri aradan qalxmalıdır. Bunun üçün bölgələrdə iqtisadi canlanma olmalıdır, iş yerləri artmalıdır. Bakı və digər böyük şəhərlərə tələbat azaldıqca qiymətlər də enəcək. 

Fikrimcə, 5-10 il ərzində Bakıda daşınmaz əmlaka tələbat azalacaq. Bu, azad edilən ərazilərimizə köç prosesindən sonra olacaq. Məcburi köçkünlərin evləri dövlət tərəfindən çox ucuz qiymətə satışa qoyulacaq. Bunun dəfələrlə şahidi olmuşuq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO