Priqojinin ölümü hansı hadisələrin inkişafına təkan verə bilər? – Ekspertlərdən MARAQLI FİKİRLƏR

Priqojinin ölümü hansı hadisələrin inkişafına təkan verə bilər? – Ekspertlərdən MARAQLI FİKİRLƏR

Hazırda oxunan: Priqojinin ölümü hansı hadisələrin inkişafına təkan verə bilər? – Ekspertlərdən MARAQLI FİKİRLƏR

152270

Xəbər verdiyimiz kimi, hərbləşdirilmiş “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin də olduğu “Embrayer Legacy” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Nəticədə 3 ekipaj heyəti olmaqla 10 nəfərin öldüyü bildirilir. Ölənlərin arasında Yevgeni Priqojin də var.

Priqojin Rusiyanın siyasi elitasında ciddi fiqur sayılmasa da, hər halda Rusiyanın hərb sənayesində yeri olan birisi idi. Lakin, o öz hərəkətlərilə dəfələrlə Kreml və Müdafiə Nazirliyinin rəhbərliyini çətin vəziyyətlərdə qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Priqojinin təyyarəsi qəzaya uğradı, özü də sərnişinlər arasındadır - VİDEO


Bir neçə ay bundan öncə isə Priqojinin hərbi dəstələri Ukrayna cəbhəsindən çıxaraq, Moskvaya doğru hərəkət etməyə də cəhd göstərmişdi.

Doğrudur, qısa zamanda, bu gərginlik  aradan qaldırıldı və “Vaqner” qrupu Belarusa göndərildi. Beləcə nisbi sakitlik yarandı.  Və bir müddət sonra, avqustun 23-də Priqojinin və yaxın ətrafı müəmmalı şəkildə təyyarə qəzasına düşdü. Nəticədə təyyarə qəzasında təyyarənin göyərtəsində olanların hamısı həlak olur. 

Bəs, Priqojinin ölümü Rusiyada hansısa yeni proseslərin başlanmasına səbəb ola bilər mi? Ümumiyyətlə bu hadisənin Ukrayna müharibəsinə hər hansısa bir formada təsiri olacaq mı?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev bildirib ki, Priqojinin ölümünün Rusiyanın daxili siyasətində əsaslı dönüşə səbəb olmayacağı qənaətindədir: 

“Priqojin şişirdildiyi qədər də böyük füqur deyildi. Amma hər halda, onun ölümü Rusiyada oyun qaydalarının kifayət qədər daha da sərtləşdiyini göstərir. Hadisə Priqojinin ölümünün arxasında Rusiya hökumətinin dayandığı ehtimalını da gündəmə gətirib. Bu ehtimal doğrudursa, onda biz yaxın zamanlarda Rusiya daxilində münasibətlərin həddən artıq kəskinləşəcəyini görəcəyik. Çünki,  ən azından siyasi elitada bu vaxtadək bu cür siyasi qətllərin olmaması ilə bağlı konsensus mövcud idi.

İndiki halda, “Vaqner”in bütün rəhbər heyəti həlak oldu. Əslində “Vaqner” qruplararası toqquşmada tərəflərdən birinin digərinə qarşı istifadə etdiyi siyasi alət idi. Belə vəziyyətdə qrup rəhbərliyinin tamamilə məhvi artıq elita daxili siyasi ziddiyyətləri kəskinləşdirəcək”. 

Həmsöhbətimizə görə, mövcud durumda Rusiyada fəaliyyət göstərən özəl hərbi təşkilatların sıradan çıxarılmasına başlanıla bilər:

“Vaqnerin bütün rəhbərliyi sıradan çıxarıldı. Eyni zamanda, bir müddət əvvəl Ramzan Kadırovun zəhərlənməsi, nitq qabiliyyətini itirməsi kimi məsələlər də gündəmə atıldı. Belə görünür ki, şəxsi silahlı birliklərdən qurtulmağa qərar verilib”. 

Ekspert qeyd edir ki, Priqojinin ölümü Ukrayna müharibəsinin ümumi taleyinə təsir göstərəcək faktor deyil:

“Moskva Priqojinin ölümündə Kiyevin əlinin olmasını ortaya ata bilər. Bütün hallarda baş verən olayın Ukrayna müharibəsinə hər hansısa formada təsir edəcəyini düşünmürəm. Hətta Priqojin üsyanı dövründə belə Ukrayna cəbhədə ciddi nəticələr əldə etmədi. Bu mənada Priqojinin ölümünün cəbhədə nəyəsə səbəb olacağını zənn etmirəm.

Amma ola bilsin “Vaqner” rəhbərliyinin olmamasından istifadə edib, ya Polşa və Litva istiqamətində təxribatlar baş versin. Moskva bu fonda həmin təxribatı başsız qalmış vaqnerçilərin Rusiyaya tabe olmaması cəhdi kimi ictimaiyyətə təqdim edə bilər. Ya da yenidən Minsk tərəfdən Kiyevə hücum ola bilər”. 

Politoloq Taleh Əliyevə görəsə, Priqojinin ölümünün Rusiyanın daxili proseslərinə və Ukrayna müharibəsinə təsirləri özünü “Vaqner” qruplaşmasının bundan sonrakı davranışlarında göstərəcək:

“Priqojinin müəmmalı ölümünün ardınca sosial şəbəkələrdə Vaqner tərəfdarlarının intiqama səsləyən videopaylaşımları yayılıb. Bu mənada sözügedən ölüm hadisəsinin Rusiyanın daxili proseslərinə və Ukrayna müharibəsinə təsirləri Priqojin tərəfdarlarının yaxın iki-üç gündə sərgiləyəcəkləri hərəkət və ya hərəkətsizlikdən asılı olacaq. Belə ki, onlar qisas hissilə davranmaq yolunu tutsalar, bu Rusiya daxilində müəyyən qarşıdurmalara, terror, sui-qəsd hallarının baş verməsinə rəvac verə bilər. Bunun əksi olsa, yəni Priqojin tərəfdarları hakimiyyətə itaət yolunu tutsalar, Rusiya daxilində heç bir proses baş verməyəcək. Yaranmış vəziyyət Ukrayna cəbhəsində də hər hansı bir dəyişlikliklə müşayiət olunmayacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO