
- A-
- A
- A+
İzmirdəki partlayışda ölənlərin sayı artdı - 6 nəfər saxlanıldı - Video
Xəbər verildiyi kimi Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ dəmir-polad zavodunda partlayış nəticəsində 17 nəfər həyatını itirib.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə müəssisədə planlı təmir işləri zamanı baş verib.
İlkin məlumata görə, tavan kranının qırılaraq elektrik qövs sobasının üzərinə düşməsi nəticəsində təbii qaz xətti zədələnib. Ardınca güclü partlayış və yanğın baş verib, zavodun bəzi hissələrində çökmələr olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə hadisə nəticəsində 16 nəfərin öldüyünü, ikisi ağır olmaqla 13 nəfərin yaralandığını açıqlayıb. Daha sonra ağır yaralılardan birinin xəstəxanada vəfat etməsi ilə ölənlərin sayı 17-yə çatıb.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 6 nəfər saxlanılıb. Ədliyyə naziri Akın Gürlek araşdırmaya dörd prokurorun cəlb edildiyini bildirib.
Əmək və sosial müdafiə naziri Vedat Işıkhan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, səhiyyə naziri Kemal Memişoğlu hadisə yerində olublar.
Bayraktar qəzanın iki həftədən bir keçirilən texniki xidmət zamanı kranın çökməsi nəticəsində baş verdiyini deyib. O, hadisənin bütün tərəflərinin araşdırılacağını və səhlənkarlığa yol verən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Aliağa məhkəməsi istintaq başa çatanadək hadisə ilə bağlı xəbər, müsahibə, tənqid və şərhlərin yayımına qadağa qoyub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































