İstanbulun Bahçelievler rayonunda 28 yaşlı 3 uşaq anası Yonca Kölgənin otel otağında 22 bıçaq zərbəsi ilə qətlə yetirilməsi ilə bağlı araşdırma başa çatıb. Bakırköy Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında qətli törədən keçmiş ər Salih Birincinin (30) ifadəsi bəlli olub.
Bizim.Media xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs mərhumla birlikdə otağa daxil olub, lakin oradan tək ayrılıb. Hadisədən sonra o, Arnavutköyde bir tikintidə yaxalanıb. Mərhumun cəsədində aparılan müayinədə 22 kəsici-deşici alət xəsarəti aşkar edilib.
Salih Birinci ifadəsində cinayəti alkoqolun təsiri ilə törəddiyini iddia edib. O, Yoncanın telefonunun dayanmadan zəng çalmasından narahat olduğunu, bu səbəbdən telefonu əlindən alaraq pəncərədən atdığını, qadının isə bıçaq çıxararaq "məni burax, yoxsa səni bıçaqlayaram" dediyini, bundan sonra bıçaq götürüb özünü qoruduğunu iddia edib.
Prokurorluq təqsirləndirilən şəxs barəsində "qadına qarşı qəddarlıqla və ya əziyyət verməklə qəsdən öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib. İttiham aktı Bakırköy 17-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.






Bizim.Media


































































































