Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arusyak Culakyan yeni Konstitusiya layihəsinin mətninin 2026-cı ilin sonunadək dərc olunmasının planlaşdırıldığını bildirib.
Bizim.Media xəbər verir ki, Culakyan bu barədə Ermənistan parlamentində Dövlət-hüquq məsələləri üzrə daimi komissiyanın sədrliyinə namizədliyinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, yeni Konstitusiya hazırlanarkən mövcud Konstitusiyanın ayrı-ayrı maddələri çıxarılmayıb və ya dəyişdirilməyib. Onun sözlərinə görə, hakimiyyət “təmiz vərəqdən” yeni Konstitusiya yazmağa başlayıb.
Culakyan həmçinin yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib.
“Preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr. Və olmamalı idi”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın qalmasını sülh sazişinin imzalanması qarşısında əsas məsələlərdən biri hesab edir.
Culakyanın sözlərinə görə, hazırda layihə üzərində əlavə müzakirələr, o cümlədən hakim komandanın daxilində müzakirələr davam edir. Bununla belə, sənədin mətninin ilin sonunadək ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
Bizim.Media


































































































