Ermənistanın növbəti OYUNU – Separatçı abidələrin sökülməsi ilə bağlı siyasi oyunun PƏRDƏARXASI

Hazırda oxunan: Ermənistanın növbəti OYUNU – Separatçı abidələrin sökülməsi ilə bağlı siyasi oyunun PƏRDƏARXASI

181225

Ermənistan sülhdən danışsa da, təxribatlarından əl çəkmir. Ermənilər təkcə şərti sərhədlərdə deyil, həm də beynəlxalq aləmdə təxribatlarını davam etdirir. Məsələn, son vaxtlar Azərbaycan dövlətinin Qarabağda apardığı quruculuq-bərpa işlərinə ermənilər hər vasitə ilə qara yaxmağa çalışırlar. 

Qarabağda son 35 ildə heç bir əsaslı təmir görməyən küçələr, yollar, binalar hazırda ən müasir tələblər səviyyəsində qurulur. Bu cür humanist siyasət bütün hallarda təqdir edilməlidir. Amma ermənilər buna başqa gözlə baxır, məsələni kontekstdən çıxarır. 

Terrorçu heykəlini “tarixi abidə” obrazına bürüyüblər...
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə separatçıların "parlament binası" belə söküldü - ANBAAN VİDEO


Məsələn, Ermənistanın populyar “ArmInfo” nəşri 8 yanvar 2024-cü il tarixində “Azərbaycan beynəlxalq ictimaiyyətin hərəkətsizliyi fonunda işğal olunmuş “Artsax”da erməni abidələrini dağıtmaqda davam edir” başlıqlı yazı dərc edib. Yazıda qeyd edilir:

“Bu dəfə azərbaycanlılar Mardakert şəhərinin Daniel Varujan küçəsində Harut Babayan və Qarik Mnatsakanyanın atası Rəşidin ideyası və şəxsi vəsaiti ilə 2021-ci ilin oktyabrında ucaldılmış abidəsini dağıdıblar”.

Amma beynəlxalq aləmə çağırış edən ermənilər ən xırda hüquqi prosedurları belə “nəzərdən qaçırıblar”. Belə ki, Azərbaycanda küçə adlarını Nazirlər Kabineti müəyyən edir. Ona görə də Xocavənd şəhərinin hansısa küçəsinə kimlər tərəfindənsə ad verilməsi Azərbaycan qanunvericiliyi ilə birbaşa ziddiyyət təşkil edir. Qarabağda öz suveren hüquqlarını bərpa edən Azərbaycan dövləti də bütün sahələrdə qanunları işlək vəziyyətə gətirir. 

Bu mənada hansısa küçə adının və barelyefin sökülməsi tarixi abidənin dağılması yox, qanunun və hüququn təntənəsidir, bərqərar olmasıdır. 

Bundan əlavə kimlərsə tərəfindən özfəliyyət səviyyəsində kiməsə abidə qoyulması da qanunazidd hərəkətdir. Hansısa inzibati ərazidə hansısa abidənin qoyulması üçün ən azı yerli dövlət qurumlarının razılığı alınmalıdır. Bu mənada Xocavənd şəhərində hansısa Qarikə abidə qoyulması üçün Xocavənd rayon İcra Hakimiyyətinin razılığı olmayıb. Ona görə də bu obyekt qanunsuz tikili kimi sökülməyə məhkumdur. 

Hələ onu demirik ki, Harut Babayan və Qarik Mnatsakanyan Azərbaycan dövlətinə qarşı çıxıb və yüzlərlə azərbaycanlının qətlində iştirak ediblər. 

Belə bir cinayətkara Azərbaycan ərazisində niyə abidə qoyulmalıdır?!

Hazırda Xankəndində söküntüsü aparılan binalardan biri 1-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqla seçilən ermənilərin "qəhrəmanları" üçün inşa edilən "veteran” binasıdır. Bu bina Xankəndinin hələ SSRİ dönəmində qəbul edilən baş planına uyğun tikilməyib və şəhərin ümumi memarlıq ansablına xələl gətirir. 

Üstəlik, Azərbaycan torpaqlarının işğalında iştirak edən, minlərlə soydaşımızın qətlində biləvasitə iştirak edən qatillərin “şərəfinə” tikilmiş binanın saxlanılması da heç bir məntiqə sığmır. Bu binada adı keçən hər bir erməninin 30 mindən artıq şəhidimizin qanında əli var. Ona görə də Azərbaycan höküməti haqlı qərar çıxarıb, “Şeytan yuvası”nı yerlə bir edir.

Ermənistan hökümətinin bərpasına etiraz etdiyi daha bir tikili separatçı qurumun bədnam “parlament” binasıdır. Ümumi sahəsi 1 350 kvadratmetr olan bina  separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü - 2 sentyabr 2007-ci ildə istifadəyə verilib. O zamankı açılış mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırmışdı. Binanın tikintisinin sifarişçisi və maliyyələşdirəni Ermənistan hökumətidir.

Bu iki fakt onu sübut edir ki, Ermənistan bir zamanlar təkcə Azərbaycan torpaqlarını işğal etməyib, həm də işğal altında olan ərazilərdə özbaşına tikinti işləri aparıb. Ona görə də Azərbaycanın Ermənistanın apardığı təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq təşəbbüsləri tamamilə hüquqauyğundur. 
Üstəlik, 15 il əvvəl inşa edilmiş hansısa bina tarixi abidə sayıla bilməz. Ən əsası “parlament” binasının inşası zamanı müasir şəhərsalmanın bütün prinsipləri pozulub. Bina xeyli qabağa çıxarılıb və ərazidəki ümumi ansamblı pozub. Ona görə də yenidən qurulan Xankəndində digər ərazilər kimi “parlament” binasının yerləşdiyi ərazi də şəhərin baş planına uyğun rekanstruksiya edilir. Ona görə də bu bina ilə bağlı ermənilərin iddiaları sadəcə təxribat xarakterlidir və Azərbaycanın suveren hüquqlarına təhdiddir.

Bu binanın yenidən qurulması yox, tamamilə sökülməsi üçün də Azərbaycanın əlində çox sayda mənəvi əsaslar və haqq var. Çünki, “parlament” adlanan bina uzun illər Azərbaycana qarşı işğal və soyqırım planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. Ona görə də bu binanın olduğu kimi saxlanılması heç bir əxlaqa və mənəvi dəyərlərə sığmır. 

Nəzərə alaq ki, tarixdə anoloji hallar çox olub. 

Məsələn 1945-ci ilin mayında ABŞ, Böyük Britaniya və SSRİ qoşunları Berlinə daxil olanda yerləbir etdikləri ilk bina Bundestaq olmuşdu. Çünki sivilizasiya qarşı ən qorxunc və çirkin planlar məhz Buntestaqın binasında hazırlanmışdı. Ona görə də belə bir binanın dağıdılması o zaman normal qarşılandı. 

Bu gün Azərbaycanın Xankəndindəki “parlament” binasının sökməsi də tam məntiqə uyğundur. Axı, Azərbaycan Parlamentinin inzibati binası var. O da Bakıda, Parlament prospektində yerləşir. Ona görə də Azərbaycana ikinci bir “parlament” binası lazım deyil.

14 yanvar 2021-ci ildə Şuşada olarkən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq demişdi:

“Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Bəli, Qarabağ Azərbaycandır. Bu torpaqlarda yalnız Azərbaycan qanunları keçərlidir. Hansısa terrorçu, separatçı ünsürlərin iddiası, istəkləri və dedikləri də bu mənada ancaq təxribatdır, beynəlxalq hüquqa ziddir, Azərbaycan Konstitusiyasına təhdiddir. Ona görə də Ermənistanın bu tip çağırış və bəyanatları ancaq sülh sazişini ləngitməyə yönəlmiş siyasi manipuliyasiyadan başqa bir şey deyil.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO