2023-cü ildə dövlət mükafatlarına layiq görülən MƏDƏNİYYƏT XADİMLƏRİ – SİYAHI 

Hazırda oxunan: 2023-cü ildə dövlət mükafatlarına layiq görülən MƏDƏNİYYƏT XADİMLƏRİ – SİYAHI 

155708

Dövlətimiz tərəfindən hər zaman mədəniyyətimiz diqqət mərkəzində olub. Eyni zamanda mədəniyyət xadimlərinə də xüsusi qayğı ilə yanaşılıb. Bunun göstəricisidir ki, mədəniyyətimizin inkişafında xidmətləri olan bir çox sənətkarlarımız müxtəlif ordenlərə, mükafatlara layiq görülüblər. 

2023-cü ilin geridə qoyduğumuz 9 ayı ərzində bir çox yazar, rəssam və aktyorlarımız Prezident İlham Əliyev tərəfindən mədəniyyətimizin inkişafında göstərdikləri xidmətlərə görə mükafatlandırılıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib


Bizim.Media 2023-cü ildə dövlət mükafatlarına layiq görülən mədəniyyət xadimlərini araşdırıb:

Tofiq Ağababayev


Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Ağababayev Prezident İlham Əliyevin 12 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə“Şöhrət” ordeni ilə təltif edilib. 1928-ci ildə dünyaya göz açmış böyük rəssam 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2007-ci ildə isə Azərbaycan xalq rəssamı fəxri adına layiq görülüb. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, Böyük Britaniya, Kanada və bir çox başqa ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

Flora Xəlilova


Bu il ali dövlət mükafatı alan şəxslərdən biri də yazıçı, jurnalist Flora Xəlilovadır. O, 7 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. F.Xəlilova Azərbaycan Yazıçılar Birliyi, eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1955-ci ildə anadan olmuş yazar bir sıra mükafatlara da layiq görülüb. 2013-cü ildə İlham Əliyevin sərəncamı ilə Flora Xəlilovaya “Əməkdar jurnalist” fəxri adı verilib. O, hazırda Azərbaycan Televiziyasında verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür.

Akif İslamzadə 


Bu il daha bir sənətçimiz “Şöhrət” ordeni ilə təltif olunub. Bu Akif İslamzadədir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə və 75 illik yubileyinə görə Ölkə Başçısı 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib. Üç dəfə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Onkoloji xəstəlik səbəbindən 1986-cı ildə Akif İslamzadənin səs telləri alınıb, müğənnilik karyerası başa çatsa da, dahi ifaçının mahnıları bu gün də sevilərək dinlənilir.

Yuli Qusman 


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə tanınmış aktyor, teleaparıcı Yuli Qusman “Şərəf” ordeni ilə təltif olunub. Bununla bağlı Prezident İlham Əliyev 7 avqust 2023-cü il tarixdə sərəncam imzalayıb. Qusman Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı "Nika" mükafatının təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvüdür. O, 1993-cü ildə Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, 2002-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. Qusmanın rejissoru olduğu “Qorxma, mən səninləyəm” filmi bu gün də sevərilək izlənilir.

Mövlud Süleymanlı


Nasir, dramaturq və ssenarist, Xalq yazıçısı Mövlud Süleymаnlı ədəbi-bədii yaradıcılıq sahəsində səmərəli fəaliyyətinə və anadan olmasının 80 illiyi münasibəti ilə Azərbaycan Prezidentinin 27 iyul 2023-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib. M.Süleymanlı 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2003-cü ildə Əməkdar incəsənət xadimi, 2006-cı ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 2018-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Rasim Balayev


Kino sahəsində misilsiz xidmətləri olan Xalq artisti Rasim Balayev də bu il təltif olunanlar sırasındadır. Ustad sənətkar 75 illik yubileyi ərəfəsində 7 avqust 2023-cü ildə Ölkə Başçısının sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilib. Kinomuzun Nəsimisi, Babəki olan böyük sənətkar 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb, 1986-cı ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. Prezident təqaüdçüsü olan Rasim Balayev 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir. Hazırda 75 yaşı olan sənətkar 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb. 

Oqtay Mirqasımov


Tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımov 80 illik yubileyi münasibəti “İstiqlal” ordeni ilə təltif olunub. Bununla bağlı Prezident İlham Əliyev 12 iyun 2023-cü ildə xüsusi sərəncam imzalayıb. O.Mirqasımov 1992-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilib, 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb. Mirqasımov “Əhməd haradadır?”, “Cin mikrorayonda” kimi filmlərin rejissorudur. 

Anar


Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Xalq yazışısı Anar Rəsul oğlu Rzayev Anar 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev 15 mart 2023-cü il tarixdə sərancam imzalayıb. 1991-ci ildən bəri Azərbaycan Yazıçılar Birliyinin sədri olan 86 yaşlı qocaman yazar “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri laureatıdır. Xalq yazıçısı həmçinin, Azərbaycan SSR Dövlət mükafatına layiq görülən azsaylı mədəniyyət xadimlərimizdən biridir. Anarın müəllifi olduğu “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” romanı və “Ağ liman” povesti Azərbaycan ədəbiyyatının ən yaxşı örnəkləri siyahısında yer alıb. 

Vaqif Mustafayev


Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev 28 avqust 2023-cü ildə sərəncam imzalayıb. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı olan V.Mustafayev eyni zamanda “Şöhrət”, “Şərəf” və II dərəcəli “Əmək” ordeni lauretlarına da layiq görülüb. O, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Səhlab Məmmədov


Səhlab Məmmədov anadan olmasının 80 illiyi münasibəti ilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə  “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib. Tanınmış rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, eyni zamanda Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb. 80 yaşlı rəssam, “Şöhrət” və “Şərəf” ordenləri laureatıdır. 

Ramiz Məlik


14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Ramiz Məlik Cəfər Cabbarlının “Od gəlini” pyesindəki Aqşin, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında canlanırdığı Leytenant obrazı ilə izləyicilərin rəğbətini qazanıb.

Aysu Allahverdi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO