
- A-
- A
- A+
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konfrans keçirildi – Foto
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Tədbirdə DTX-nin rəhbər şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov 44 günlük Vətən müharibəsindəki Zəfəri xalqımızın dövlətçilik tarixinin ən mühüm hadisəsi kimi qiymətləndirərək müvafiq Qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya, diplomatik fəaliyyət və xalqın birliyinin nəticəsi olduğunu vurğulayıb.
Çıxışda həmçinin, tarixi Zəfərin dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və gələcəyə inamının təcəssümü kimi gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacağı qeyd edilib.
Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qələbənin əsasında Heydər Əliyev siyasi irsinin davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yanaşı, onun Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrin haqlı mövqeyimizin dünyaya çatdırılmasındakı əhəmiyyətinə diqqət çəkib.
Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin iqtisadi, siyasi və hərbi potensialını daha da gücləndirdiyini, əldə olunan nailiyyətlərin regionda dayanıqlı sülh və sabitlik üçün geniş imkanlar açdığını bildirib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru general-mayor Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin milli hərbi kadrların yetişdirilməsini prioritet kimi müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin isə bu xətti ardıcıl davam etdirərək hərbi təhsil sistemini və ordunun potensialını daha da inkişaf etdirdiyini qeyd edib.
Yekunda konfransın mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































