
- A-
- A
- A+
Bir donor, altı xilas edilən həyat - Məryəmin ailəsinin ibrətamiz qərarı – Foto
Oktyabrın 31-dən noyabrın 6-dək Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələrinin maarifləndirilməsinə həsr olunmuş seminar keçirildi.
Seminarda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və 23 yaşında yol qəzası nəticəsində həyatını itirdikdən sonra orqanları bağışlanan Məryəm Məmmədovanın atası Elxan Məmmədov çıxış etdilər.
Çıxışlarda qeyd edildi ki, əldə olunan nailiyyətlərlə yanaşı, qarşıda duran əsas hədəflərdən biri donorların və transplantasiya əməliyyatlarının sayını artırmaqdır. Hazırda orqan köçürülməsi üçün növbə gözləyən xəstələrin sayının çox olduğu vurğulandı. Bu baxımdan orqan donorluğunun təşviqinin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı.
Gənc yaşda həyatını itirsə də, orqanları vasitəsilə altı insana yaşamaq ümidi bəxş edən Məryəm Məmmədovanın atası Elxan Məmmədov qızının donor olmasının ailəsi üçün böyük mənəvi təsəlli olduğunu bildirib. O, çıxışı zamanı bunları dedi:
Bir donor, altı həyat: Məryəmin ailəsinin verdiyi həyati qərar
“Həkimlər orqanların bağışlanması barədə bizə məlumat verəndə heç tərəddüd etmədik. Bu, həm böyük savabdır, həm də insanlığın zirvəsidir. Həyat elədir ki, belə hadisələr hər birimizin, özümüzün və ya birinci dərəcəli yaxınlarımızın başına gələ bilər. Lakin ən ağır məqamda orqanların bağışlanmasına qərar vermək və bununla da dünyasını dəyişmiş doğmalarımızın orqanları vasitəsilə başqa insanlara həyat bəxş etmək əsl humanizm nümunəsidir”.
Xatırladaq ki, iyunun 12-də paytaxtın Babək prospektində marşrut avtobusu ilə 2002-ci il təvəllüdlü Rövşən Muradovun idarə etdiyi “Chery” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü, onun sərnişini – 2002-ci il təvəllüdlü Məryəm Məmmədova, eləcə də avtobusun üç sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.
Seminarın sonunda bir daha vətəndaşlara, cəmiyyətin bütün üzvlərinə orqan donorluğunda fəal iştirak etmək, beyin ölümü baş vermiş yaxınlarının orqanlarının bağışlanması barədə qərar verməklə digər insanların həyatını xilas etməyə töhfə göstərmək çağırışı edildi.
Tədbirin sonunda media nümayəndələrinə rəmzi hədiyyələr və ürək transplantasiyasına həsr olunmuş kitab təqdim olundu.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































