
- A-
- A
- A+
Yekaterinburqdakı Baş Konsulluğumuzda Zəfər Günü ilə bağlı tədbir keçirildi – Foto
06.11.2026-cı il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Baş konsul vəzifəsini müvəqqəti icra edən Asim Osmanov çıxış edərək, bu günün Azərbaycan xalqı üçün yalnız təqvimdə qeyd olunan bir bayram deyil, milli qürurumuzun, dövlətçilik iradəmizin, birliyimizin və Vətənə sonsuz sədaqətimizin olduğunu bildirib.
O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın həyatında yeni bir tarixi mərhələnin əsasını qoydu.
Bu müddət ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlığı, qəhrəmanlığı və misilsiz fədakarlığı ilə tarixi Zəfərə imza atdı. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün oldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazdılar. İşğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Baş konsul həmçinin bildirilib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal rejiminin fəaliyyətinə son qoyuldu, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edildi:
“Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu oldu.
Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilmişdir. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır”.
8 noyabr-Zəfər Günü tədbiri, Azərbaycanlı Gənclər Təşkilatının üzvləri, Ural Dövlət Hüquq Universitetinin və Ural Dövlət İqtisad Universitetinin tələbələrinin çıxışları ilə davam edib. Onlar öz çıxışlarında Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarması və qalib xalqa çevrilməsindən bəhs ediblər. Tədbirin rəsmi hissəsində “Şuşa Sən Azadsan!” filmi nümayiş etdirilib, daha sonra ziyafət verilib.
Tədbirdə Yekaterinburq şəhərinin ali təhsil ocaqlarında təhsil alan tələbələr və 11 saylı orta ümumtəhsil məktəbinin nəzdində fəaliyyət göstərən “Oazis” Azərbaycan məktəbinin müəllimləri iştirak edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































