Şahlar Əsgərov: “Ali məktəblərə qəbul yığışdırılmalıdır”

Şahlar Əsgərov: “Ali məktəblərə qəbul yığışdırılmalıdır”

Hazırda oxunan: Şahlar Əsgərov: “Ali məktəblərə qəbul yığışdırılmalıdır”

29906
Tezliklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün ölkənin ali məktəblərinə tələbə qəbulu həyata keçirəcək. Ancaq həmişə olduğu kimi bu dəfə də işbazlar TQDK-nı qabaqlayıblar və artıq metro vaqonları, avtobuslar, paytaxt küçələrinin bir çox nəzərəçarpan yerləri asanlıqla tələbə bileti əldə etməyin yollarını göstərən elanlarla dolub. Rusiyanın, Ukraynanın, Gürcüstanın və digər MDB ölkələrinin dövlət universitetlərinə yalnız attestatla qəbul təklif edilir. 
Təbii ki, bir çox hallarda sadəlövh vətəndaşımız bu cür “gəl-gəl” deyən elanlara aldanır, sonradan bəlli olanda ki, fırıldaqçıların tələsinə düşüb, müvafiq qurumlardan kömək istəyir ki, gəl problemimi həll et. Şübhəsiz ki, bu problemin həlli mümkünsüz olur və beləcə vətəndaş hakimiyyətdən narazı qalır. Moderator.az saytı olduqca aktual olan bu mövzunu professor, təhsil eksperti Şahlar Əsgərovun baxış bucağından oxuculara təqdim edir:

- Şahlar müəllim, son zamanlar  avtobuslarda, metroda  müxtəlif xarici ölkələrin ali məktəblərinə ancaq attestatla  qəbul elanları asılıb. Təhsilin problemlərini bilən bir alim kimi buna münasibətinizi bilmək istərdik.
-Mən belə elanlara rast gəlməsəm də, amma belə vəziyyət gözləniləndir.  Əvvəla, onu qeyd edim ki, təhsil  istənilən ölkə üçün prioritet sahə sayılır.  Təhsil fəaliyyəti içərisində isə xaricdə təhsil önəmli istiqamət sayılır. Ancaq burada gərək düzgün təhsil siyasəti aparasan. Birinci əsas məsələ təhsilin hansı səviyyəsindən-“bakalavr, yoxsa magistr səviyyəsindən xaricə tələbə göndərmək” sualı öz milli- fəlsəfi həllini  tapmalıdır. İkinci vacib sual isə, hansı ölkənin ali məktəblərini seçmək məsələsidir.

-Xaricə kimləri-bakalavrları, yoxsa magistrləri göndərmək lazımdır?
-Hesab edirəm ki, orta məktəbi rayonlarda qurtarıb, Bakıya təhsil almağa gələn gənc Bakıda həm də azərbaycanlaşır və vətənpərvərləşir. Orta məktəb proqramları əsasən  bilik proqramlarını  (təbiətlə, insanla, kainatla bağlı)  gənclərə öyrədir. Gənc ali təhsil almaqla bərabər, paytaxtın mədəni mərkəzləri ilə tanış olur. Muzeyləri, parklarını gəzir, şəhərdə dahi insanlara qoyulmuş heykəllərlə, divar lövhələri ilə tanış olur, istirahət günlərində şəhərin mədəniyyət ocaqlarını (teatrları, muzeyləri) ziyarət edir. Əgər gənc Qusardan Bakıya gəlibsə, orta məktəbdə o daha çox ləzgi idisə, ali məktəbi qurtarandan sonra o daha çox azərbaycanlı olur.
Bu hadisə təkrarlanır o halda ki, bizim gənc bakalavr pilləsində təhsil almaq üçün Qərb ölkələrinin birinə gedir. Misal üçün, əgər gənc Parisdə təhsil alırsa, təhsil müddətində o Parislə tanış olur, onun muzeylərini, teatrlarını, parklarını, konsert zallarını gəzəcək və beləliklə daha çox fransa mədəniyyəti ilə yüklənəcək. Bu mədəniyyət onun düşüncəsinə təsir edəcək, öz mədəniyyət ilə müqayisə edəcək və nəticədə kosmopolit olacaq. Bu fikirləri bir az da dərinləşdirmək olar.  Bu hal baş verməsin deyə, xaricə təhsil almaq üçün magistr pilləsindən göndərmək daha məqsədəuyğundur. Bakalavr təhsilini Azərbaycanda alan gənc, sonralar xaricdə magistr təhsili alanda bizim mədəniyyətin təbliğatçısına çevrilir. Əks təqdirdə biz gəncimizi milli baxımdan itirmiş olarıq.

-Onda doktorantları xaricə göndərmək daha doğru olar ki?
-Tamam haqlısınız. Doktorant xaricdən qayıdanda  C.Cabbarlı demişkən, zehnən qərbli, ruhən isə azərbaycanlı olacaq. 

-Bəs onları daha çox hansı ölkəyə göndərməli?
-Bu, həm vacib, həm də çətin sualdır.  Bu haqda mətbuatda fikirlərimi çox söyləmişəm.Bu işdə yarımçıqlıq çoxdur.  Hansı  ölkələrə  göndərilsin?  Bu suala cavab axtarılmalıdır. Burda prioritetlər və ya prinsiplər sonadək aydın müəyyənləşdirilməlidir. Eynşteynə görə  ABŞ  təhsil sistemi pula itaətkarlıq və kapitala boyun əymək üzərində qurulub.  ABŞ-dan  fərqli olaraq Qərb təhsil sistemi insanlara, təbiətə qulluq etmək öyrədir. İslama görə insan dəyişə bilən varlıqdır. Bu dəyişmənin ən yaxşı vasitəsi  təhsildir. Xaricdə təhsillə milləti düşüncəni, ruhu dəyişmək mümkündür. 
Fərz edək ki  300 nəfəri xaricə təhsil almağa göndərmək lazımdır. Bunların  100 nəfərini  Türkiyəyə, 100 nəfərini ABŞ, 100 nəfərini isə  Skandinaviya ölkələrinin birinə göndərək. 5 ildən sonra onlar Azərbaycana müxtəlif düşüncə ilə qayıdacaqlar. Əgər gənclərimizi üç yox, 10 ölkəyə göndərsək  milli toplumu  lap çox qarışıq düşüncəli  olacaqdır .  
Gəlin görək onlar hansı düşüncəylə vətənə dönəcəklər? Amerikadan gələnlər  yırtıcı kapitalizmi tərifləyəcək və deyəcək, gəlir verən və hüququn qadağan etmədiyi  hər işlə  məşğul olmaq olar. Amma müsəlman əxlaqı güclü olan Türkiyədən gələn xeyli fərqli düşünəcək. Fəaliyyətində aldığı biliklə bərabər, müqəddəs kitabdan, peyğəmbərin sünnəsindən(haram yeməmək, axirəti fikirləşmək...)  də istifadə edəcək.  Skandinaviyadan  qayıdan  gəncimiz  isə deyəcək ki, təbiəti korlama, ağacı kəsmə, siqareti yerə atma, qırmızı işıqda yolu keçmə, qanunun aliliyinə hörmət elə və s. Görürsünüz ki, onlar müxtəlif cür psixologiya və düşüncə tərzi ilə  Azərbaycana dönəcəklər. Düşüncə tərzinə görə elitar təbəqə parçalanacaq.  İndi sual olunur, bu qədər fərqli psixologiyalı insanlar  necə idarə olunacaq?  Azərbaycana 20-30 ildən sonra rəhbərlik edəcək adama indidən yazığım gəlir. Azərbaycan rahat yox, narahat ölkəyə çevriləcək.

- Ancaq attestatla  universitetlərə qəbula münasibət bildirmədiniz...
-Mən son 10-15  ildir deyirəm ki, ali məktəblərdən qəbul imtahanları yığışdırilmalıdır, müasir ənənələrdən istifadə etmək lazımdır.  Çünki ali məktəbə qəbul sovet dövründən qalma ənənədir. Təhsilin bu günki səviyyəyə düşməsinin əsas səblərindən biri də ali məktəblərə qəbulla və  bunun nəticəsi kimi repititorluqla bağlıdır. Bu işdən əl çəkmək lazımdır.Təzə sistemə keçidin ən asan yollarının biri də dediyiniz attestatlar vasitəsi ilə ali məktəbə qəbul qeyd edilməlidir. 2004-cü ildə TQDK-nın  Avropa hotelində təşkil etdiyi bir konfransda mən bu vəziyyəti belə ifadə etdim: ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını daraltmalıdırlar.
Təhsillə bağlı dünyada gedən proseslərə diqqət yetirək.  XX əsirdə özünə hörmət edən ölkələr ümumi orta təhsili həyata keçirdilər. XX əsrin sonu və XXI əsrin əvvələrində isə özünə hörmət edən ölkələr ümumi ali təhsil proqramlarını həyata keçirirlər. Yəni orta məktəbi qutaran gənclərə ali təhsil almaq imkanı yaradırlar. Ali təhsillə əhatə əmsalı Cənubi Koreyada 95, ABŞ-da 90-a yaxın, hətta uzaq Monqolustanda 50 olduğu halda bu rəqəm ölkəmiz üşün  17-dir. Yəni Koreyada orta məktəbi bitirmiş hər yüz gəncin 95-i ali məktəbdə təhsil alır, bizdə isə 100 gəncdən 17-si. Ölkə prezidenti cənab İlham Əliyev 10 il öncə qara qızılı insan qızılına çevirməyi  öz siyasətinin əsas xətti kimi bəyan etmişdi. Sual olunur, ətrafı prezidentin bu dəyərli ideyasını niyə həyata keçirmirlər? 

-Qayıdaq sualın məğzinə. 
-Mən belə başa düşürəm ki, həm Gürcüstanda, həm də Ukraynada ali məktəblərə giriş qapılarını geniş açmaq azadlığı verilib. Onlar öz  universitetlərini tələbələrlə təmin etmək üşün belə təbliğat aparırlar. Bu həm də həmin universitetlərin maddi bazasını  təmin etməyə imkan verəcək.  Nəticədə tələbələr vasitəsi ilə  kapital ölkəmizdən həmin ölkələrə axacaq. Bunun qarşısını almağın bir yolu var: ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını daraltmalıdırlar. Bu halda həm universitetlərimiz güclənər, həm ali təhsil almış gənclərimiz çoxalar, həm də kapital xaricə axmaz. Yadda saxlayaq ki, ABŞ prezidentlərindən biri “ Amerika Universitetləri güclüdür, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona gərə ki, onun Universitetləri güclüdür” ”“ deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO