VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində qocaman hüquqşünas İkram Kərimovun oxucularla görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan hüquq elminin tanınmış simalarından olan İkram Kərimovun kitablarının təqdimatı böyük oxucu marağı ilə yadda qalıb.
MÖVZU İLƏ BAĞLI:
Şəhidlikdən sevgiyə: Təranə Yusifqızının yaradıcılığı festivalda təqdim olundu
Görüşdə müəllifin “Zirvədən görünən ömür”, üçcildlik “Zirvədən zirvəyə” və ona həsr edilmiş “Zirvələrin ən ucası” kitabları təqdim olunub. Təqdimat zamanı çıxış edənlər İkram Kərimovun yalnız hüquq sahəsində deyil, həm də mənəvi dəyərlərin, milli düşüncənin və ziyalılıq ənənələrinin qorunmasında mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
İkram Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, kitablarda onun həyat yolu və hüquq sistemində qazandığı zəngin təcrübə yer alır. O qeyd edib ki, belə görüşlər hüquq elmi ilə ədəbiyyatın vəhdətini nümayiş etdirir, gənc nəslin maariflənməsində mühüm rol oynayır:
"Bəzən deyirlər ki, kitab oxuyan yoxdur, amma belə deyil. Maraqlı kitab olmalıdır ki, oxunsun. Mənim kitablarımda bədiilik yoxdur, hamısı real hadisələrdir. Buna görə də böyük marağa səbəb olur. Heç tanımadığım insanlar məni yolda, görüşlərdə saxlayıb təcrübələrimin, müxtəlif hadisələrin yer aldığı kitabı istəyirlər. Yazdığım kitabların heç biri satış üçün deyil. İlk növbədə ailəm üçün yazmışam ki, mənim sonrakı nəslim dolğun həyatımı, bu günə qədər nə işlə məşğul olduğumu bilsin. Bundan başqa, gənc hüquqşünaslar bu kitablardan, istintaq işlərindən və təcrübələrdən faydalana bilərlər".
Qeyd edək ki, Əməkdar hüquqşünas İkram Kərimov 1942-ci ildə Kürdəmirdə anadan olub.
O, 1966–1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR prokuroru yanında mühüm işlər müstəntiqi, 1978–1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. İ.Kərimov 1987–2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.








Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media






























































































