Hörüklərin FACİƏSİ – Sevil Qazıyevanın ölümü sui-qəsd idimi? – Hadisənin ANBAAN TƏFƏRRÜATI

Hörüklərin FACİƏSİ – Sevil Qazıyevanın ölümü sui-qəsd idimi? – Hadisənin ANBAAN TƏFƏRRÜATI

Hazırda oxunan: Hörüklərin FACİƏSİ – Sevil Qazıyevanın ölümü sui-qəsd idimi? – Hadisənin ANBAAN TƏFƏRRÜATI

46052

Azərbaycan SSR-nin ilk qadın mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyeva. Gənc nəsil xatırlamasa da Sevil Qazıyeva böyük bir dövr üçün qəhrəmanlıq nümunəsi sayılıb. Xüsusi ilə faciəli ölümü hələ də özündə çoxlu sualları gizlədir... 

Bizim.Media olaraq maraqlandıq ki, Sevil Qazıyevanın ailəsindən, qohum-əqrabasından kimlər qalıb? 
 

MÖVZU İLƏ BAĞLI:

Sürəyya Ağaoğlu ilə bağlı maraqlı faktlar açıqlanacaq - "Yüz ilin sirləri" - VİDEO


Uzun axtarışlardan sonra onun kiçik bacısı hazırda Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Zaqatala rayon komitəsinin sədri olan Sona Qazıyeva və qardaşı İbrahim Qazıyevi tapa bildik. Əvvəlcə həyatdan vaxtsız köçmüş Sevil Qazıyevanın Zaqatala şəhər qəbristanlığındakı qəbrini ziyarət etdik, xatirəsini andıq. Daha sonra isə Sona xanımın evində qonaq olduq. 

Sevilin başına bəla olan  uzun hörükləri...

Sona Qazıyeva ilə bacısı Sevilin həyatı və faciəli ölümü haqda söhbətləşirik. 

“Sevil 1958-ci ildə orta məktəbi bitirib Bakıya -Tibb İnstitutuna qəbul olmaq üçün getmişdi. Atamız Həmzət Böyük Vətən Müharibəsi iştirakçısı, I qrup əlil idi. Onun səhhətindəki problemlərə görə Sevil həkim olmaq istəyirdi. Amma müsabiqədən keçə bilmədiyindən Bakıda poliqrafiya üzrə peşə təhsili almağa başladı. Təsadüfən qarşısına çıxan bir qəzet məqaləsi onun həyatını tamamilə dəyişir. Özbək qızı Tursunoy Axunovanın maşınla pambıq yığımında göstərdiyi hünər barədə oxuduğu məqalədən sonra o, sürücü mexanik olmağa qərar verir. Tursunoy Axunovanın "Qızlar, sükan arxasına" çağırışına 3 rəfiqəsilə qoşulan Sevil Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə gedərək Binədəki kənd təsərrüfatının mexanikləşdirilməsi məktəbində sürücü-mexanik hazırlayan kursunun açılmasına nail olur. Rəfiqələrilə həmin kursu bitirən Sevil Qazıyeva işləmək üçün könüllü şəkildə Jdanov, indiki Beyləqan rayonuna gedir və Azərbaycanın ilk qadın sürücü-mexanizatoru kimi tarixə düşür, o, həm də "qız nədir, maşın sürmək nədir?" mifini tamamilə məhv edir".

Beləliklə, ömründə pambıq tarlası görməyən Sevilin maşınla "ağ qızıl" yığması, əl əməyinin birə min yüngülləşməsi sahəsində etdiyi yenilik bütün SSRİ ölkələrinə yayılır.

İlk əvvəl  90, sonra isə 190 ton pambıq toplayan Sevil 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının toplantısında iştirak edir və burada onun həyatında dönüş yaradan Tursunoy Axunova ilə şəxsən tanış olur. Daşkənddən qayıdandan sonra  gənclərdən ibarət  kompleks -pambıqçı briqadası yaradır və briqadaya rəhbərlik edir.

Kənd Təsərrüfatı İnstitutunda təhsil alan,"Qırmızı Əmək Bayrağı"ordeninə layiq  görülən Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Seçicilərinin problemini həll etmək də onun bir qayğısına çevrilir.
 

Sona xanım yavaş-yavaş  vaxtı ilə adı dillər əzbəri olan Sevilin o müdhiş, nəinki respublikanı, hətta rəsmi Moskvanı belə sarsıdan faciəli ölüm günündən -1963-cü ilin 27 sentyabrdan danışmağa başlayır.


“O zamanlar Sevil bizi Zaqataladan Beyləqana yanına gətirmişdi. Onda mənim 11 yaşım var idi. O faciəli gündə anam Anaxanım və mən Sevilin yanında sahədə idik. Həmin gün Sevil anama dedi ki, “Bu gün mənə vımpel veriləcək, qonaqlarım olacaq”. Daha sonra biz Sevilin "Moskvilç-407 "markalı avtomobili ilə pambıq tarlasına gəldik. Orada qonaqlar üçün ziyafət təşkil olunmuşdu. Tədbirdə Sevilə vımpel təqdim olundu. O, qonaqlarla bütün günü işlədi, anamdan bir alma və bir nar istədi”.

Sona Qazıyeva o dəhşətli gündən danışdıqca illər əvvəl baş verən hadisəni sanki yenidən yaşayırdı.

Elə bil hər şey dünən baş vermişdi. Xəyalları onu uzaqlara Beyləqanda yerləşən həmin o pambıq sahəsinə aparır.

“Axşam qaş qaralanda evə getmək istəyirdik. Lakin Sevil anama sahədə bir cərgə də pambıq yığmaq istədiyini bildirdi. Heç ağlımıza gəlməzdi ki, həmin an Sevil bizim yanımızdan birdəfəlik ayrılır. O, işini tamamlamaq üçün pambıq sahəsinə tərəf yollandı. Lakin yarım saat keçməsinə baxmayaraq ondan bir xəbər çıxmadı. Birdən maşının işığı söndü. Anam elə bil baş verəcək faciənin ağrısını hiss edib çox narahat oldu. Bir qədər sonra bir uşaq təlaş içində bizə yaxınlaşaraq Sevilin həlak olduğunu dedi. Biz sahəyə çatanda hamı ağlayırdı. Mən Sevili pambıq maşınının yanında başı əyilmiş halda gördüm. Başının bir hissəsi qopmuşdu. Hər gün sahədə çalışdığı zaman başına bağladığı yaylığı da üstünə qoyulmuşdu”.

Sona Qazıyeva bildirir ki, bacısı çox ehtiyatlı biri idi. Hər zaman bütün təhlükəsizlik qaydalarına əməl edərdi.

O, sahədə işlədiyi zaman hörüklərini yaylıqla toplayardı. Onun sözlərinə görə hadisədən illər keçsə də Sevilin ölümü hələ də müəmma olaraq qalır. 

“Mən bu günə qədər düşünürəm ki, Sevil şan-şöhrətin və bəzi qara qüvvələrin qurbanı oldu. Onun uğurunu həzm edə bilmədilər”.

Sona xanım deyir ki, Sevilin ölümü bütün respublikanı yasa boğdu. Onun ölümü haqqında eşidən hamı cənazəsi keçən yollara axışırdı.

“Sevilin cənazəsini Beyləqandan Zaqatalaya 8 saata apardıq. Hamı Sevili yola salmaq üçün gül-çiçəklə yollara çıxmışdı. Oğuzdan keçəndə o zaman rayonun 1-ci katibi olan Səfiyyə Dibirova  da 50-60 avtomobillə bizi qarşıladı. Biz Zaqatalaya çatanda Sevilin cənazəsini 200 maşın müşayiət edirdi. Sevil bütün hamını yasa boğmuşdu. Elə bil hamı yaxınını, doğmasını itirmişdi, hamı göz yaşı axıdırdı”.

Bu zaman söhbətə Sevilin qaradaşı İbrahim Qazıyev də qoşulur.

Ardı var...

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Zaqatala


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO