Meksikada Qarabağ xanlığı ilə bağlı kitabın təqdimatı keçirildi - FOTO

Meksikada Qarabağ xanlığı ilə bağlı kitabın təqdimatı keçirildi - FOTO

Hazırda oxunan: Meksikada Qarabağ xanlığı ilə bağlı kitabın təqdimatı keçirildi - FOTO

166239

Meksikanın aparıcı ali təhsil müəssisəsi olan UNAM Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov təqdimatda çıxış edərək Qarabağın zəngin tarixi irsinin öyrənilməsi baxımından kitabın mühüm əhəmiyyət daşıdığını qeyd edib, 100 ildən çox Gürcüstan Milli Muzeyində saxlanılan əsərlərin işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Diplomat kitabda əksini tapmış tarixi və mədəni artefaktların Qarabağın Azərbaycan kimliyinin, eləcə də bölgə əhalisinin mədəniyyəti, etnoqrafiyası və yaşayış tərzinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyinə diqqət çəkib, Qarabağ xanlığının Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmasından bəhs edib. Əsrlərin süzgəcindən keçərək ərsəyə gəlmiş bu dəyərli nəşrin beynəlxalq auditoriyada əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın zəngin tarixi keçmişi və geniş mədəni irsi haqqında məlumatlılığın artırılmasına xidmət etdiyi bildirilib. Otuz illik erməni işğalına son qoyulması ilə bu gün Qarabağa yenidən həyat qayıtdığı, bu ərazilərin bərpası və yenidən qurulması məqsədilə bütün imkanların səfərbər edildiyi qeyd olunub.

UNAM Universitetinin professoru, siyasi və sosial elmlər doktoru Fausto Kintana çıxışında son zamanlar Azərbaycan səfirliyi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğuna diqqət çəkib, o cümlədən Azərbaycan universitetləri ilə akademik əməkdaşlıq həyata keçirməkdə maraqlı olduqlarını vurğulayıb. O, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal miqyaslı layihələri də nəzərə alaraq, bütün diqqətlərin Azərbaycanın yerləşdiyi regiona yönəldiyini qeyd edib. F.Kintana tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, bu təqdimat sayəsində Qarabağ xanlığı və onun tarixi barədə dolğun məlumat əldə etdiklərini bildirib.

UNAM Universitetinin professoru, Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi Talya İşcan tədbirdə çıxış edərək, Qarabağa və Şuşa şəhərinə səfərini böyük məmnunluqla xatırlayıb, bu torpaqların əsrarəngiz gözəlliyi, mədəniyyəti və mənəvi sərvətinin canlı şahidi olduğunu diqqətə çatdırıb.

İnteraktiv formatda keçən görüşdə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabları həm UNAM-ın mərkəzi kitabxanasına, həm də Siyasi və sosial elmlər fakültəsinin kitabxanasına hədiyyə edilib.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO