Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Hazırda oxunan: Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

158395

İsveç Akademiyası 2023-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibini elan edəcək.

Bizim.Media xəbər verir ki, bu  gün Bakı vaxtı ilə saat 15:00-da yeni Nobel mükafatçısının adını akademiyanın daimi katibi, Göteborq Universitetinin professoru Mats Malm açıqlayacaq. Bundan sonra Nobel Komitəsinin sədri Anders Ohlson bu yazıçı və ya şair haqqında danışacaq.

Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

İsveç mediasında 2023-cü ilin favoritləri arasında Çin yazıçısı Can Xue, isveçli və rusiyalı nasirlər Çerstin Ekman və Lyudmila Ulitskaya, norveçli dramaturq Jun Fosse, keniyalı yazıçı və dramaturq Nquqi Va Thiongo və avstraliyalı yazıçı Cerald Murnine var. Norveç yazıçısı və dramaturqu Daq Sulstad, hind əsilli britaniyalı yazıçı Salman Rüşdi, fransız yazıçısı Mişel Uelbek və nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin adları da mükafat alacağı güman edilənlər arasındadır.

Qeyd edək ki, 2022-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına fransız yazıçı Annie Erno layiq görülüb. Yazıçı “cəsarət və klinik kəskinliklə, şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ortaya qoymasına görə” bu mükafata layiq görülüb.

Dünyanın ən nüfuzlu mükafatının gələcək sahibinin adı son ana qədər gizli saxlanılır. 2023-cü il namizədlərinin tam siyahısı yalnız 50 ildən sonra məxfilikdən çıxarılacaq və sənədlərlə yalnız 2073-cü ildə İsveç Akademiyasının arxivində tanış olmaq olar.

Nobel mükafatı 1901-ci ildən bəri 616 dəfə verilib. 989 nəfər və təşkilat laureat olub, onlardan 119 yazıçı və şair ədəbiyyat sahəsi üzrə mükafatlandırılıb.

Mükafat dekabrın 10-da, Nobelin vəfat etdiyi gün təqdim olunacaq. Mərasim adətən Stokholm Filarmoniyasında keçirilir, burada güllərlə bəzədilmiş səhnədə laureatlar mükafatın təsisçisinin portreti olan qızıl medal və Kral XVI Karl Qustafın əlindən diplom alırlar. Ancaq ardıcıl iki dəfə - 2020 və 2021-ci illərdə pandemiya səbəbindən mərasim onlayn keçirilib.

2023-cü ildə hər kateqoriya üzrə Nobel mükafatı 1 milyon 7 min 344 dollar təşkil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO