Öz dərdinə gülən insanlar

Öz dərdinə gülən insanlar

Hazırda oxunan: Öz dərdinə gülən insanlar

57432


 

Nəyə gülürsən, dərdə gülməzlər, adam balası, dərdə ağlayarlar. Bizdə adamlar ağır-ağır dərdlərinə qəşş eləyib gülürlər. Şaqqanaq çəkir, uğunur, dərdlərinə diringi gedir bizdə adamlar. Heç bilmirsən adamlara nə olub? Dəlidir, yoxsa, nədir adamlar? Elə bil ki, kəsik yurdun bu başından, o başına fəryadları ürək dələn ah nalələr bizim deyil. Param-param parçalanan, yarı orda, yarı burda naçar qalan didərginlər bizim deyil. Haqqı deyən insanların Güneyinin zindanında səsi batan, azadlığın gül üzünə Quzeyinin meydanında oğulların qanı batan elə bil ki, biz deyilik. Biz deyilik hər addımda hüquqları tapdalanan, biz deyilik səhər-axşam azğınlaşmış məmurların can qəsdinə məruz qalan.

Nəyə gülürsən adam balası? Sərvəti talanan, yurdu yağmalanan, öz yurdunda qərib insan, nəyə gülürsən? Ocaqları söndürülən, torpaqları yandırıllıb külə dönən, zavallı qaçqın nəyə gülürsən? İçi göynərtili, sinə dağlı şəhid anası, nəyə gülürsən? Millətinin qanı üstdə taxtın qurub, öz xalqına divan tutan, ac-yalavac insanlardan üz çevirib, acgözlüklə sərvət yığan, torpaq satan, sən ey  nadan nə gülürsən? Uşaq satan, qadın satan, qız-gəlinin namusunu dubaylarda pula satan nazirbaşı, məmurbaşı nə gülürsən? Rəzalətə, səfalətə, ümmətini nadanlığa sürükləyən cəhalətə gözün yuman mollabaşı-həzrəti şeyx nə gülürsən? Yavanlığı daşdan çıxan, külfəti ac, atam-insan nə gülürsən?  Nəvəsinin yüz il bundan sonra belə, haqqı yeyilən babam-insan nə gülürsən? Təqaüdü bir donluğa, beş arşınlıq kəfən-bezə yetirməyən nənəm-insan nə gülürsən?

Nəyə gülürsən adam balası? Xiffətini mahnılarda yaşatdığın əldən gedən el-obanın qaragünlü halınamı?  Bir qarınlıq ruzi üçün, diyar-diyar səfil düşən övladının qismətinə- kor baxtınamı? Bəlkə, xəyanətin yadıgarı çadırlarda süd əvəzi palçıq əmən körpələrin “xoş” gününə toy qurursan? Bəlkə, Bakısında fantan vuran qara qızıl neftimizdən komasına işıq payı yetişməyən millətinin kəm bəxtinə dəm havası züy tutursan? Kimdi səni dəli kimi dərd üstünə güldürən? Kimdi sənin ağır-ağır dərdlərini iblisanə qəhqəhələrlə içindəcə öldürən? Nə uymusan, əldən gedən oylaqlardan, yaylaqlardan dastan açıb, telli sazı sinəsinə basanlara? El yasını bayram edib, arsızlığın nəğməsini qoşanlara? Nədən səni yad havası dingildədir, oynadır, fələk qarı yoxsa səni öz vayına oynadır?

Nəyə gülürsən adam balası? Bəlkə sənin şəhər boyu yaptırılan imarətlərdə beş otaqlı evin varmış? Kandarına yetmədiyin düzənlənən villalarda  manqalları kabab dolu közün varmış? Bəlkə də heç biz bilmiririk, hər küçəsi üstümüzə diş qıcadan şəkillərlə bəzədilmiş, qanunları ayaqaltı bu ölkədə adam kimi söz deməyə haqqın varmış? Haqqın yoxsa kiri, dayan, bax gününə arsız insan, ayıl, oyan! Sənin deyil saray əhli nazirlərin yaşadığı zəngin həyat! Sənin deyil bulvarında qaragünlü taleyinə çırtma vurub oynadığın, o toy-büsat! Divarları qan sızayan göydələnlər sənin deyil! Həsrət ilə boylandığı geniş yollar, ağacüstü çıraqbanlar sənin deyil!

Nəyə gülürsən adam balası. Sənin büsat qurub, toy eyləyən, lap istəsən ürəkdən də qəşş eləyən xoş günlərin qabaqdadır  adam balası! Nə zaman ki, azadlığın gül üzünə geniş qucaq açacaqsan, günəş kimi zülmətlərin bağrın yarıb, köləliyin boynundakl buxovunu qıracaqsan, nə zaman ki, sınağına çəkildiyin bir qarın çörəyə yox, mədəniyyətə, insanlığa can atacaqsan, nə zaman ki, var gücünü toparlayıb, tarixinə qara ləkə bir zümrənin caynağından birdəfəlik qurtulub da, vətənində ədalətin bayrağını ucalara taxacaqsan, nə zaman ki, əlbir olub son döyüşlə düşmənindən Qarabağın qisasın alacaqsan, yalnız onda hürr yaşamaq, sidq ürəkdən gülmək haqqın alacaqsan!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO