Rusiyada daxili bazarda yanacaq qıtlığının qarşısını almaq məqsədilə bir sıra neft emalı zavodlarına keyfiyyət göstəriciləri Euro-5 standartından aşağı olan yanacaq istehsal etməyə icazə verilib.
Bizim.Media “Kommersant” qəzetinə istinala xəbər verir ki, satışına icazə verilən benzin və dizel yanacağında kükürdün miqdarı mövcud texniki normalarda nəzərdə tutulandan daha yüksək ola bilər.
Yeni qaydalara əsasən, benzində kükürdün miqdarı hər litr üçün 150 milliqrama, dizel yanacağında isə 350 milliqrama qədər artırıla bilər. Müqayisə üçün qeyd edək ki, Euro-5 standartında bu göstərici hər kiloqram üçün maksimum 10 milliqram müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, belə yanacağın istifadəsi müasir avtomobillər üçün zərərli ola bilər.
Belə ki, yüksək kükürd tərkibi elektron sistemlərə və tullantılara nəzarət mexanizmlərinə mənfi təsir göstərir.
Sadələşdirilmiş tələblərlə yanacaq istehsalına icazə verilən müəssisələr arasında Afipski Neft Emalı Zavodu, Novoşaxtinsk Neft Məhsulları Zavodu, “TANEKO” ASC, “Lukoyl-Nijeqorodnefteorqsintez” və “Slavneft-YANOS” neft emalı zavodları yer alır.
Rusiya hökuməti Energetika Nazirliyinə belə yanacağın istehsal həcmləri barədə hər ay hesabat təqdim etməyi tapşırıb. Nəşrin mənbəsinin sözlərinə görə, bu addım “daxili bazarda sabitliyin pozulmasının qarşısını almaq” məqsədi daşıyır.
Bununla yanaşı, qeyd olunur ki, bu yanacağın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə ixracına icazə verilmir.
Qeyd edək ki, Kreml yanacaq təminatı ilə bağlı problem olmadığını bildirsə də, daha əvvəl Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın bir sıra bölgələrində yanacaq satışına məhdudiyyətlər tətbiq olunmuşdu. Vəziyyəti sabitləşdirmək üçün hakimiyyət benzin və dizelin ixracını, eləcə də aviasiya kerosininin ölkədən çıxarılmasını qadağan edib.
Bizim.Media




































































































