KÜLƏK ENERJİSİ və Azərbaycanın alternativ enerji potensialı nə qədərdir? - DETALLAR

Hazırda oxunan: KÜLƏK ENERJİSİ və Azərbaycanın alternativ enerji potensialı nə qədərdir? - DETALLAR

55477

Azərbaycanda iqtisadi təhlükəsizliyin əsas şərtlərindən biri də məhz enerji ilə bağlıdır. Enerji təhlükəsizliyi məsələsində isə, Azərbaycan təkcə öz ehtiyaclarını təmin etmir, eyni zamanda bir sıra aparıcı ölkələrin enerji təminatında da ciddi rol oynayır. Sadəcə olaraq, burada əsas rolu karbohidrogen ehtiyatlarımız oynayır. Bu ehtiyatlar tükənən sərvətlər olduğu üçün, bizim qarşımızda alternativ mənbələrdən enerji almaq mühüm məsələyə çevrilir.

Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsinin reallaşması da məhz alternativ mənbələrdən maksimum səviyyədə istifadə etmək məqsədini daşıyır.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Belə ki, Azərbaycanla Səudiyyə Ərəbistanının “ACWA Power" şirkəti arasında Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisi ilə bağlı razılaşmanın əldə olunmasından sonra gündəmə gələn alternativ enerji mövzusunu şərh edən ekspert ölkəmizin bu cür mənbələri üzrə potensialını da dəyərləndirib:

“Dünyada alternativ enerji əldə etmək üçün istifadə olunan 6 mənbədən, 5-nin Azərbaycanda yüksək potensialı mövcuddur. Bunlardan 3-ü, külək, su və günəş enerjisi daha ön plandadır. Həmin üç mənbədən səmərəli şəkildə istifadə olunması üçün bərpa olunan enerji sisteminin yaradılması və Azərbaycanda enerji atlasının hazırlanması məqsədi qarşıya qoyulmuşdu. Bu atlasın mahiyyəti Azərbaycan ərazisində hansı coğrafi kordinatlarda, hansı enerji mənbələrinin daha geniş potensialının olduğunu əks etdirməkdən ibarətdir”.

Eldəniz Əmirov həmin mənbələrdən, xüsusilə də su ehtiyatlarından enerji təminatı istiqamətində istifadə olunması ilə bağlı da fikirlərini bölüşüb:
 

“Külək enerjisindən istifadə üçün stansiyanın qurulmasına artıq start verilib. Günəş enerjisindən istifadə üçün hansı zonaların daha əlverişli olduğu da bəllidir. Lakin Azərbaycan su ehtiyatlarına görə Qafqazda sonuncu yerdədir.


Ölkəmiz cəmi 10-12% göstəriciyə malikdir. Bununla belə, cənab Prezidentin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə avtomatlaşdırılmış SES-lərin qurulması ilə bağlı işlər gedir. Bu bilavasitə su ehtiyatlarının proqnozlaşdırılmasına və onlardan səmərəli istifadəyə xidmət edir. Bu da SES-lərin yaradılmasında ciddi şəkildə öz töhfəsini verəcək”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO