Azərbaycanın yaşıl enerjisi Avropanın DİQQƏT MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ

Azərbaycanın yaşıl enerjisi Avropanın DİQQƏT MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Azərbaycanın yaşıl enerjisi Avropanın DİQQƏT MƏRKƏZİNDƏ – İlham Şabanın ŞƏRHİ

180764

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə Azərbaycan enerji tarixində önəmli hadisələrdən birini yaşadı. Özü də hadisələr yenə də “Gülüstan” sarayında baş verdi. Bu haqda bir qədər sonra ətraflı məlumat verəcəm. Amma dünya bazarlarında baş verənlərə də diqqət yetirmək gərəkdir.

Qlobal bazarlar

Fevralın 28-də Brent markalı neft 84 dollar göstəricisini aşa bilib. Səbəbi isə ondan qaynaqlanıb ki, bazar iştirakçıları “Reuters” agentliyinin öz mənbələrinə istinadən yaydığı “OPEC+ çərçivəsində hasilatın mümkün azaldılması ilə bağlı” məlumatına həddən ziyadə həssas yanaşıblar. Ona görə də fevralın son hərracını neft bir qədər ucuzlaşaraq 82 dollar ətrafında olan qiymətlə başa vurub. Amma istənilən halda fevralda Brent markalı neftin orta qiymətinin 81,65 dollara qədər yüksəlməsi və yanvarla müqayisədə isə qiymətlərin 3,5% artımı müşahidə edilib. Neft satanlar narazı deyillər, elə bu qiymətə müştəri sarıdan bazarda sıxıntı yoxdursa, deməli qiymət ədalətli dəhlizdədir. Elə isə onu öz məcrasından çıxarmağa nə ehtiyac var?!

Azərbaycan-Rusiya qaz əməkdaşlığı

Bu həftənin Azərbaycandakı əsas enerji hadisəsinə keçməzdən öncə mətbuatda o qədər də açıb-ağardılmayan bir hadisəyə diqqət çəkmək istərdim. Onu deyim ki, bu da qazla bağlıdır. Amma daha çox qaz siyasətimizlə.

Fevralın 28-də Sankt-Peterburqda SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf «Qazprom» şirkətinin rəhbəri Aleksey Miller ilə görüşüb.

«Tərəflər şirkətlərin qaz sahəsində qarşılıqlı əlaqələrinin aktual məsələlərini müzakirə ediblər», - deyə Rusiya qaz holdinqinin mətbuat xidmətinin məlumatında bildirilib.

SOCAR adəti üzrə bu görüşlə bağlı əlavə hansısa bir məlumat yaymayıb. Ancaq ictimailəşdirilən xəbərlərdən o da məlumdur ki, SOCAR nümayəndə heyəti son illər mütəmadi olaraq “Qazprom” rəhbərliyi ilə görüşür. Təbii ki, əvvəllər bir müddət Azərbaycan Rusiya qazından asılı olub, daha sonra Şahdənizdən qaz hasilatı başladıqdan sonra Azərbaycan 4 il Rusiyanın Dağıstan bölgəsinə qaz ixracı həyata keçirib. Bundan sonra müəyyən zamanlarda qaz əməkdaşlığımız davam edib və bu görüşlər varsa, demək davam etməkdədir.

Əslində eyni malı istər regional, istərsə də qlobal bazarlarda satan ölkələr arasında əməkdaşlığın olması olmamasından daha faydalıdır. Bu baxımdan rəsmi Bakı qlobal enerji ticarətinin belə incəliklərini çox gözəl duyur. Çünki bilir ki, Xəzəryanı beş ölkənin arasında ən az qaz ehtiyatı elə Azərbaycandadır. Amma siyasətini elə qurmağı bacarıb ki, bu regionda qaz mövzusu gələndə Azərbaycana olan baxışlar da, Qərbin Xəzər hövzəsi ölkələri ilə iqtisadi əməkdaşlığının mərkəzində də elə Azərbaycan durur.

Qazımız və yaşıl enerjimiz ətrafında məşvərət

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin yubiley, 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası keçirildi.

Energetika Nazirliyinin açıqladığı məlumata görə, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb. İştirakçıların sayına görə indiyə qədər ən izdihamlı enerji toplantısı desək, yanılmarıq.

Prezident İlham Əliyevin başçılığı və Avropa Komissiyası enerji məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı ilə keçirilən toplantı Azərbaycanın əlavə qaz həcmlərinin Avropa bazarlarına çıxarılması məsələlərinə yeni bir işıq saldı, Azərbaycanın genişlənən qaz ixracı coğrafiyasında yeni ölkələri üzə çıxartdı və bunların reallaşması üçün qarşıda nə kimi problemlərin həll edilməsini müəyyən etdi.

Bundan əlavə Avropanın Azərbaycandan təbii qazdan başqa elektrik enerjisi, özü də yaşıl keyfiyyətdə olanından almaq istəyinin reallaşması üçün növbəti addımların da atılmasını müşahidə etdik.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi həmişəki kimi ölkəmizin enerji potensialına və imkanlarına daha qlobal baxışları ilə diqqəti çəkdi.
Dövlət başçımızın çıxışından onu görmək olar ki, rəsmi Bakının zamanında siyasi uzaqgörənliyi və qətiyyəti nətisində Azərbaycan qapalı bir hövzədə yerləşən ölkə statusundan çıxaraq bu gün region və qlobal bazarlarla birbaşa və çoxşahəli nəqletmə infrastrukturuna malik ölkə kimi tanınır. İkincisi, rəsmi Bakının səyləri nəticəsində ən müasir texnologiyalara malik şirkətlərlə əməkdaşlıq hesabına Xəzərin əvvəllər əlçatmaz hesab edilən təbii resursları qarşılıqlı maraqlar çərçivəsində uğurla işlənilir. Nəhayət, iri bazarlardakı istehlakçılara Azərbaycan daim yeni layihələr və mümkün həllər təklif etməklə ötən əsrin 90-cı illərindən başlayan əməkdaşlığı daha da genişləndirməyə nail olur.

Burada bir haşiyəyə çıxıb əlavə etmək istərdim ki, qlobal əhəmiyyət kəsb edən masştablı layihələrin icrasında artıq bir Azərbaycan modeli yaranıb. 10 il davamlı olaraq keçirilən bu tədbirlər sadəcə toplantı deyil, hökumətlərin, biznesin, maliyyə qurumlarının məsələlərin həlli üçün müxtəlif bucaqlardan olan baxışlarının bir nöqtəyə cəm edilməsidir. Məhz çoxşahəli idarəçilik və maraqların tənzimlənməsi məsələsidir ki, layihələrimizin daim irəliyə addımlamasına kömək edir.

Tədbirdə diqqətimi xüsusilə çəkən məqam isə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun fikirləri oldu:

“Bizim enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı yaşıl elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”, - deyə xanım Simson bildirib.

Toplantının açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi: Gələcəğə baxış” və “COP 29 fonunda yaşıl enerji” üzrə plenar sessiyalar keçirilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov diqqəti ona çəkib ki, bu toplantı qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil  olur. Nazir Azərbaycanın yaşıl enerjisinin gələcəkdə Avropaya ixracı məsələsinin həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın “yaşıl keçid”ə töhfə verəcəyini də vurğulayıb.

Avropaya ixrac etdiyimiz qaz

Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazovun TAP-ın icraçı direktoru Luka Şiepatti ilə görüşündə maraqlı faktlar açıqlanıb. Əvvəla bildirilib ki, 2020-ci ilin sonundan indiyə qədər TAP-la Avropa bazarına 33 mlrd kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.

Görüşdə həmçinin TAP Kəmərinin  genişləndirilməsinin birinci mərhələsi üzrə 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard kubmetr Azərbaycan qazının nəql edilməsinə toxunulub və bildirilib ki, bu həcmlərin 1 milyard kubmetrini İtaliya, 200 milyon kubmetrini isə Albaniya almaq niyyətlərini açıqlayıblar. Əgər TAP 2020-ci ildə istismara verilərkən onun buraxıcılıq gücü ildə 10 mlrd kubmetr qazı daşımağa imkan verirdisə, hazırda bu göstərici 12 mlrd kubmetrə qədərdir, 2027-ci ilin sonuna qədər isə boru ilə 20 mlrd kubmetr qazı nəql etmək mümkün olacaq.

Yaşıl enerji üzrə anlaşmalar

“Gülüstan” sarayında keçirilən bu tədbir isə elə belə başa çatmadı. Azərbaycan “yaşıl enerji” sahəsində şirkətlərlə üç əməkdaşlıq sənədi imzaladı.

Energetika Nazirliyi ilə özəl “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, layihənin reallaşdırılması 50 MVt olmaqla iki mərhələdə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında isə “Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Memorandum Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir.

Həmçinin “Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Avropanın “WindEurope” qurumu arasında külək enerjisi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu da imzalanıb. Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması və qabaqcıl təcrübə mübadiləsinin aparılması üzrə əməkdaşlıq öz əksini tapıb.

Qeyd edim ki, “WindEurope” Avropada külək enerjisinin inkişafı üzrə 2012-ci ildən fəaliyyət göstərən və özündə 500-ə yaxın bazar iştirakçısını birləşdirən bir sənaye assosiasiyasıdır.

Enerji sektorumuz üçün kredit

Onu qeyd edim ki, Bakı tədbiri öncəsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyət göstərən yarımstansiyalarda gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınması üçün $30 milyon məbləğində kredit ayrılmasını anons edib.

Bank bildirib ki, borcalan qismində Maliyyə nazirliyi, layihənin icraçı qurumu qismində isə “Azərenerji” çıxış edəcək.  Layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək etməlidir.

“Şahdəniz”in artan qazı

Azərbaycan bu həftə özünün ən böyük qaz yatağında hasilatın artırılması yönümündə yeni bir addım atdı. “Bp” şirkəti elan etdi ki, “Şahdəniz 2” layihəsi çərçivəsində yatağın şimal-şərq cinahından hasilata başlayıb. Yenicə istismara başlamış şimal-şərq cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni boru xətti və “Şahdəniz” qaz və kondensat yatağına inteqrasiya edilmiş bir neçə sualtı qurğu var. Nəticədə, “Şahdəniz” yatağının mövcud qurğularının hasilat gücü hazırda illik olaraq 29 milyard kubmetrə qədər artırılıb.

AR Energetika nazirliyinin məlumatına əsasən, 2006-cı ilin dekabrından 2024-cü ilin 1 fevral tarixinədək “Şahdəniz” yatağından 211,4 milyard kubmetr qaz hasil edilib və onun 150 milyard kubmetri ixraca nəql olunub.

“Şahdəniz” həqiqətən Azərbaycanın enerji ticarəti ilə yanaşı ölkəmizin xarici iqtisadi-siyasi əlaqələrinin genişləndirilməsi məsələsində böyük töhfə vermiş bir layihə oldu. Onun daha dərin qatlarında olan ehtiyatlarının işlənməsi və bazara çıxarılması isə Cənub Qaz Dəhlizi kimi 3500 km-dək uzanan nəhəng bir infrastrukturun yaranmasına gətirib çıxartdı.

Beləliklə, yola saldığımız həftə onu göstərdi ki, biz cari onillik boyu Azərbaycan qazının ildən ilə Avropa bazarlarında daha çox həcmdə satmaq imkanındayıq. Eyni zamanda, Avropanın hədəflədiyi yaşıl enerjinin də Azərbaycandan və Azərbaycan üzərindən getməsi üçün hazırlıq işlərimizi davam etdiririk. Necə deyərlər, enerji keçidini neftdən qaz relsi üzərinə ağrısız şəkildə keçirməyə nail oluruqsa, həmin qayda ilə də orta və uzaq dövrdə qazdan yaşıl enerjiyə keçidi təmin etməyi hədəfləmişik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO