Paytaxtda 12, regionda 20 FAİZ - Banklar niyə bölgələrə kredit vermək İSTƏMİRLƏR?

Paytaxtda 12, regionda 20 FAİZ - Banklar niyə bölgələrə kredit vermək İSTƏMİRLƏR?

Hazırda oxunan: Paytaxtda 12, regionda 20 FAİZ - Banklar niyə bölgələrə kredit vermək İSTƏMİRLƏR?

159353

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonumuzda kreditlər üzrə orta faiz 19.6-dır. 

Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19-un üzərindədir. Bakı şəhərində isə kreditlər üzər orta faizlər 12 faizdən başlayır. 

Səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bunun çox ciddi problem olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Problemli kreditlərin artmasının ƏSL SƏBƏBLƏRİ – Yüksək faizlər, vətəndaş məlumatsızlığı... 


Bunun dövlətin elan etdiyi proqramlarla üst-üstə düşmədiyini deyən ekspert, məsələnin mahiyyətini bir neçə obyektiv və subyektiv səbəblərlə əlaqələndirib:

“Banklar regionlara verdikləri kreditin daha dayanıqlı olması üçün müştəridən girov tələb edirlər ki, bunun likvidikliyi regionlarda çox zəifdir. Buna görə faizi yüksək qoyurlar ki, özlərini sığortalasınlar. Bakı və Abşeronda isə girov qoyulan daşınar və daşınmaz əmlak baxımından likvidiklik daha yüksəkdir və bu baxımdan da kredit faizləri aşağıdır”. 

Bununla bağlı hazırda ölkədə qəribə situasiyanın yaşandığını deyən N.Cəfərli vurğulayıb ki, dövlət regionların inkişafı üçün çalışır: 

“Amma bu halda bəzi məqamlar ortaya çıxır. Yəni, hansısa bir sahədə iş qurmaq istəyən vətəndaşlar Bakıya və ya Abşerona üz tuturlar ki, həddindən çox yüklənməyə səbəb olur. Bu gün bölgələrdə yaşayan vətəndaşlarımızın çoxu kənd təsərrüfatı ilə məşğul olurlar. Amma banklarımızda bu sahəyə kreditin verilməsi ilə bağlı cox ciddi problemləri var. Riskli kredit sahəsi sayıldığı və dövlət tərəfindən ciddi dəstək almadıqları üçün banklar kəndlilərə kredit vermək istəmirlər. 

Ona görə ki, risklər çox böyükdür. 

Belə ki, hava şəraiti və ya digər səbəblərdən məhsul bata bilər və ya məhsuldarlıq az olduğuna görə verilən vəsait geri qayıtmaya bilər. Əgər aqrar sahə prioritet elan edilibsə, o zaman daha uzun müddətli kreditlərin verilməsinə ehtiyac var. Ona görə ki yeni iş yerləri yaradılmalı və istehsalın həcmi artmalıdır.

Ancaq biz bunu da görmürük. Nəticədə bütün problemlər üst-üstə gəlir və regionlarda əhali daha yüksək faizlərlə üz-üzə qalır ki, bu əhalinin paytaxta və ətraf ərazilərinə köçünün artmasına səbəb olur. Bununla da ölkənin ümumi iqtisadi mənzərəsinə çox ciddi zərbə vurur”. 

Məhsul yoxdur, faizlər isə yığılır...

Ekspert aqrar sektorda bəzi sahələrin inkişafı üçün bir neçə il vaxta ehtiyac olduğunu vurğulayıb: 

“Əsasən də meyvəçilik, fındıqçılıq və çayçılıq belə sahələrdəndir. Bu sahələrlə məşğul olan sahibkarlar məhsul əldə etmək üçün 3-4, bəzi hallarda isə 5-6 ilə gözləməli olurlar. 

Təsəvvür edin ki, bir fermer bu sahələrdən birini inkişaf etdirmək və məhsuldarlıq əldə etmək üçün kredit götürür, 5 il dayanmadan banka ödəniş edir ki, bu da ona 2-3 qat baha başa gəlir. Ancaq ortada bir məhsuldarlıq və gəlir yoxdur. Ona görə də heç kim bu sahə ilə məşğul olmaq istəmir. 
Hazırda qardaş Türkiyədə “Ziraət Bankı” adlı maliyyə təşkilatı aqrar sahədə fəaliyyət göstərən fermerlərə böyük dəstək verir. Bu bankdan kredit götürən vətəndaş ən azı 4-5 il kredit ödəmir. Məhsul satışı başlayandan sonra fermer ən aşağı faizlərlə həmin vəsaiti geri qaytarmağa başlayır. Əgər Azərbaycanda da belə təşviq olmasa, regionlarda aqrar istehsalın artımı ilə bağlı çox ciddi problemlərlə üz-üzə qalacağıq”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO