Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə ərzində istər istər qlobal bazarların vəziyyətinin təhlilinə dair, istərsə də Azərbaycanın neft-qaz sektorunun təhlilinə dair hesabatlar ictimaiyyətə açıqlandı.
Qlobal bazarlar
“Rystad Energy” şirkətinin araşdırmasına görə, hazırda dünyada çıxarıla bilən neft ehtiyatlarının həcmi 1,624 trilyon barel olaraq qiymətləndirilir, bu rəqəm 2022-ci il ərzində 52 milyard barel artıb.
Eyni zamanda, Brent neftinin bir barelinin orta qiyməti 50 dollar olmaqla, 2100-cü ilə qədər yalnız 1,3 trilyon bareldən bir qədər az nefti kommersiya baxımından cəlbedici şəkildə hasil etmək proqnoz edilir.
Analitiklərin fikrincə, son bir ildə dünyada 30 milyard barel neft hasil edilib, yeni kəşf edilmiş ehtiyatların həcmi isə 84 milyard barel təşkil edib.
“Rystad” ekspertlərinin fikrincə, 2100-cü ilə qədər qlobal istiləşmənin 1,9 dərəcə selsi ilə məhdudlaşdırıla biləcəyi bir ssenarisində neft hasilatının qlobal istiləşmədə xüsusi çəkisi təxminən 0,2 dərəcə təşkil edə bilər.
Yəni bunun açması odur ki, ötən əsrin 50-ci illərindən dünya enerji balansında liderliyi ələ alan “qara qızıl” heç də təsvir edildiyi kimi qorxunc bir enerji daşıyıcısı deyil. Kömürün və ağacın yandırılmasından əldə edilən enerjinin ətraf mühitə təsiri qat-qat çoxdur. Bu baxımdan mavi yanacaq ənənəvi enerji növləri içərisində daha təmizi olaraq qalmaqdadır.
2022-ci ilin qlobal enerji bazarlarında nə kimi iz buraxdığını biz Londonda məskunlaşan Enerji İnstitutunun hazırladığı hesabatdan görə bilərik. Qeyd edim ki, bu hesabat 1952-ci ildən bp şirkətinin hər il dərc etdiyi qlobal enerji statistik təsnifatın davamıdır.
Həmin sənədə görə, ötən il dünya enerji istehlakı balansında ənənəvi enerjinin xüsusi çəkisi 82% təşkil edib, baxmayaraq ki, il ərzində alternativ enerji mənbələri artım nümayiş etdirərək bu göstəricini 7,5%-ə çatdırıb.
Təbii qazın dünya enerji istehlakı balansında payı 24%-ə qədər azalıb. Bu da mavi yanacağın qiymətlərinin çox baha olması səbəbi ilə izah edilir. Dünyada istehlak edilən 4 trln kubmetrdən az bir qaz həcminin 542 mlrd-ı bazarlara maye şəklində, yəni tankerlərlə çıxarılıb. Və gələcəkdə maye qaz ticarəti artmaqda davam edəcək.
Elektrik enerjisinin hansı mənbələrdən istehsalı ilə bağlı çox maraqlı göstəricilər açıqlanıb. Belə ki, 2022-ci ildə dünyada elektrik enerjisi istehsalı 2,3% artım nümayiş etdirib. Bu enerjinin istehsalında isə əsas yanacaq növü 35,4% olmaqla kömür olub. Elektrik enerjisinin istehsalında təbii qazın xüsusi çəkisi 23%-i ötə bilməyib.
Günəş və küləkdən alınan enerji elektrik enerjisi istehsalında payını 12%-ə çatdıraraq atom enerjisini (10,2%) geridə qoymağa müvəffəq olub. Yerdə qalan təqribən hissə isə hidroenergetika və digər mənbələrin payına düşüb.
Kömürün tükənməyən enerjisi
Dünyada isə ötən il rekord həddə kömür – 8,16 mlrd ton həcmində istehsal edilib. Təsəvvür edin ki, kömürün dünya üzrə istehsalı neft həcmlərindən 1,85 dəfə çox olub. Elə neft ekvivalenti həcmində qazı da 2 dəfə üstələyib. 1900-cü ildə ABŞ-da çağırılan enerji konfransında isə bilirsiniz nə elan edilmişdi?
Dünyada kömürə alternativ olan neft gəlib və kömür erasının bitməsinə çox qalmayıb. Bu baxımdan Rystad Energy-nin ənənəvi enerjidən bu əsr boyu istifadə edilməsi ilə bağlı proqnozları daha inandırıcıdır, nəinki 2050-ci ildən dekarbonizasiya ilə bağlı Avropa İttifaqının çıxardığı siyasi qərar, yəni ənənəvi enerjiyə yox deyilməsi.
Azərbaycanın yeri
Azərbaycana gəldikdə isə, Enerji İnstitutunun açıqladığı hesabata görə, 2022-ci ilin yekunlarına görə, ölkəmiz maye karbohidrogen, yəni neft və kondensat hasil edən ölkələr arasında gündəlik 668 min barel göstərici ilə 23-cü yerdə, əmtəəlik qaz hasilatına görə isə orta hesabla gündəlik 95,8 mln kubmetrlə 21-ci yerdə qərarlaşmışıq. Bundan sonrakı illərdə neft hasilatında ildən ilə geriləsək də, amma qaz hasilatı nəticələrimizi yaxşılaşdırmaqla yaxın 10 ildə dünyanın ilk 15 ölkəsi sırasına daxil ola bilmək şanlarımız da var.
SOCAR-ın rekord mənfəəti
Elə bu yerdə diqqətinizi SOCAR-ın açıqladığı illik maliyyə hesabatına yönəltmək istərdim. “Ernst & Yuong” şirkəti tərəfindən audit edilmiş hesabatdan məlum olur ki, ötən il şirkətin ümumi gəlirləri 2021-ci illə müqayisədə 53,8% artaraq 119 milyard 238 milyon manata yüksəlib. Xalis mənfəəti isə 4,5 dəfə artıraraq 9 milyard 424 milyon manata çatıb. Bu, şirkətin 2008-ci ildən bəri nail olduğu ən yüksək göstəricidir.
Ötən il SOCAR dövlət büdcəsinə mənfəət vergisi maddəsi üzrə 1 mlrd 439 mln manat vəsait ödəyib ki, bu da 2021-ci ilin göstəricilərindən 23,8% artım deməkdir.
Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
SOCAR-ın gəlirlərinin 65,1%-i İsveçrədə, 20,4%-i Türkiyənin payına düşüb. 2022-ci ildə Azərbaycanda əməliyytlardan SOCAR-ın gəlirləri 11 milyard manatdan çox olub ki, bu da ümumi gəlirlərdə 9,3% pay deməkdir. BƏƏ və Gürcüstannın SOCAR biznesindəki payları isə müvafiq olaraq 1,6% və 1,4% təşkil edib. Qeyd edək ki, İsveçrədən gələn gəlirlər 74% artım nümayiş etdirib ki, bu da SOCAR Trading-in əsasən qlobal bazarlardakı fəaliyyəti ilə bağlıdır.
2022-ci ildə SOCAR-ın neft satışından gəlirləri 2021-ci illə müqayisədə 60,6% - 67,5 milyard manatdan çox artıb.
Hesabata əsasən, SOCAR ötən il neft məhsulları satışından gəlirləri 25,9%, neft-kimya məhsullarının satışından artım 0,45% təşkil edib. Ən böyük artım isə 151% ilə təbii qazın satışında qeydə alınıb.
Göründüyü kimi, şirkət olaraq Azərbaycan büdcəsinin ən böyük vergi ödəyicisi adını uzun illər boyu qoruyub saxlayan Dövlət Neft Şirkəti maliyyə göstəriciləri üzrə hökumətin bütün proqnozlarını artıqlaması ilə yerinə yetirib. Və bəllidir ki, bu cür yüksək nəticələrə əsasən satışdakı yüksək qiymətlər sayəsində nail olub. Çünki ötən il dünya enerji bazarında görünməmiş bir qiymət sıçraması baş vermişdi: neft qiymətləri 47%-dən çox, qaz qiymətləri isə Avropa bazarlarında 234% artım nümayiş etdirib.
Cari ilin artıq 6 ayını geridə qoymaq üzrəyik. Bu müddətdə dünya bazarlarında həm neftin, həm də qaz qiymətləri hiss ediləcək səviyyədə ucuzlaşıb. Bundan əlavə neft hasilatımız və ixracımız da üzüaşağı gedir. Elə isə bir il sonra SOCAR-ın maliyyə nəticələri necə olacaq?
Neft Fondunun zərəri
Onu qeyd edim ki, hətta investisiya portfelinin kifayət qədər şaxələndirilməsi belə bəzən müsbət maliyyə nəticələri almağa yetərli olmur. Bununla biz Dövlət Neft Fondunun açıqladığı illik fəaliyyət hesabatında qarşılaşdıq. Özü də Neft Fondumuzun tarixində ilk dəfə olaraq belə bir hadisə baş verirdi. Yəni neftin yüksək qiymətlərində aktivlərin idarə edilməsi zamanı zərərə düşdü Fond, özü də 5 milyard manatı aşan zərərə.
2022-ci ilin yekunları üzrə Neft Fondunun xalis zərəri 2021-ci ildəki 1,234 milyard manat məbləğində xalis mənfəətə qarşı 5,366 milyard manat təşkil edib. Özü də bu təkcə səhmlərə yatırılan kapitalın sonda özünü doğrultmamasından qaynaqlanmayıb, həm də dünya iqtisadiyyatındakı təlatümlü dövrdə məzənnə fərqindən yaranan zərər də olub.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə müxtəlif fondların səhmlərinin alınmasına 370 milyon dollar və 115 milyon avro investisiya qoyub. İnvestisiyalar 11 müxtəlif fondun səhmlərinin alınmasına yönəldilib. 2022-ci ilin sonuna Dövlət Neft Fondu 40 xarici fondun səhmlərinin alınmasına 1,662 milyard dollar, eləcə də 8 tərəfdaşla birlikdə 94 milyon dollarlıq investisiya yatırıb.
Bundan əlavə Azərbaycan Dövlət Neft Fondu daşınmaz əmlak fondlarına $520 milyon məbləğində yatırım edib. Nəticədə Londondakı daşınmaz əmlakının investisiya dəyəri yenidən qiymətləndirmədən sonra 10,9% bahalaşıb.
Amma Fondun Parisdəki daşınmaz əmlakının investisiya dəyəri yenidən qiymətləndirmədən sonra dəyərini 4% itirib. Fondun Moskvadakı daşınmaz əmlakı da 15,1% ucuzlaşıb. Tokiodakı daşınmaz əmlakının investisiya dəyərində isə 0,2%-lik cüzi artım qeydə alınıb.
Bununla belə Fond daşınmaz əmlaka investisiyalar etdiyi zamandan indiyə qədər 6,8% illik gəlirlilik olmaqla, ümumilikdə 1,3 milyard dollar qazanc əldə etməyə nail olub.
Yəni səhm bazarı da, daşınmaz əmlak da iqtisadiyyatın qeyri-stabil dövründə azalma nümayiş etdirməsi heç kəsə sirr deyil, çünki risk dərəcələri artır. Amma növbəti illərdə kəskin bahalaşmalar da istisna deyil və itirilmiş gəlirlərin əvəzlənməsi mümkündür.
Necə ki, 2022-ci ildə Neft Fondunun investisiya portfelinin gəlirliliyi 5,2% azalma nümayiş etdirib, baxmayaraq ki, 2021-ci ili 4,49% artımla başa vurmuşdu.
Neft-qaz gəlirləri. 2022-ci ilin sonuna olan vəziyyətə görə, Neft Fonduna ümumilikdə $184 milyard məbləğində vəsait daxil olub, bunun $7,8 milyardını, yəni 4,2%-ni investisiya gəlirləri, $176,2 milyardı və ya 95,8%-ni isə neft-qaz sazişlərindən gəlirlər təşkil edib.
Buradan göründüyü kimi, Neft Fondunun əsas qazanc mənbəyi Azərbaycan dövlətinin payına düşən mənfəət nefti və qazının satışından əldə edilən gəlirlərdir. Ötən il Fond bu maddə üzrə 11 mlrd 587,6 mln dollar gəlir əldə edib.
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər büdcədə proqnoz edilən göstəricilərə nəzərən 31,4% çox olub, 2021-ci ilin faktiki daxilolmalarını isə 65,6% üztələyib.
Ötən ilki neft-qaz satışından Neft Fonduna daxilolmaların 11,3 mlrd dolları və ya 97,5%-i “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri hesabına icra edilib. Ötən ildən Şahdəniz layihəsi üzrə ilk dəfə Neft Fondu milyard dolları aşan qazanc götürməyə başlayıb.
Qaz gəlirlərimiz istənilən halda bundan sonrakı dövrlərdə artmalıdır. Çünki ixrac həcmləri yaxın 10 ildə artıma yönəlib, yeni yeni yataqlar istismara veriləcək. Bundan əlavə Hasilatın Pay Bölgüsü sazişlərinə müvafiq olaraq zaman keçdikcə Azərbaycan tərəfinə mənfəət qazından gələn payın xüsusi çəkisi də artacaq. Bunlar reallığı əks etdirən proqnozlardır. Yeganə məsələ odur ki, qaz layihələrimizdən gələn gəlirlər neft gəlirlərini üstələyə biləcəkmi? Onu da xatırladım ki, ən pessimist ssenari ilə təkcə “Azəri-Çıraq-Günəşli”nin neft gəlirləri 2035-ci ilədək 200 milyard dollar həddini ötməyə qadir olacaq.
Bu baxımdan qaz gəlirlərinə olan baxışlarımız neftdən fərqli olmalıdır: təkcə rasional xərcləmələri ilə deyil, həm də yatırılan hər 1 qaz dollarının ölkəmizdə və onun hüdudlarından kənarda yaradacağı əlavə dəyər göstəricisinə görə. Məndə buna bir inam var, çünki qazın gətirəcəyi böyük gəlirləri artıq yeni nəslin nümayəndələri idarə edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 01.07.2023
SOCAR-ın rekord mənfəəti, dünyanın neftə artan MARAĞI... – “Bizim Barel”in başına gələnlər
Hazırda oxunan: SOCAR-ın rekord mənfəəti, dünyanın neftə artan MARAĞI... – “Bizim Barel”in başına gələnlər
Hazırda oxunan: SOCAR-ın rekord mənfəəti, dünyanın neftə artan MARAĞI... – “Bizim Barel”in başına gələnlər
144001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.