“Hər addımbaşında hansısa Şərq ölkəsini insan hüquqlarını tapdalamaqda ittiham edən Qərb nədənsə öz gözündəki tiri görmür. Yaymaq istədiyi dəyərlərə hörmət qoymayan bir qurum hansı haqla bunu başqasından tələb edə bilər? İstənilən fiziki və ya hüquqi şəxs ilk öncə öz əməlləriylə başqalarına örnək olmağı bacarmalıdır.”
Hüquqşunas Rafael Qasımov Yunanıstanın erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanun qəbul etməsinə münasibətini açıqlayarkən belə deyib.
Moderator.az-a açıqlama verən hüquqşunasa görə, müasir hüquq fəlsəfəsi düşüncəyə, niyyətə görə cəza kəsilməsini inkar edir və yalnız cinayət əməllərini cəzalandırır: “Tarixdə hansısa bir hadisənin olub-olmadığını düşünmək isə isə əməl deyil, sadəcə fikirdir. Özü də ictimai təhlükə əxz etməyən fikir. Belə çıxır ki, bir sıra Qərb ölkələrində qəbul olunan bu qanun düşüncəyə, fikrə qarşı yönəlib. Bir zamanlar Koperniki dünyanın fırlanması iddiasına görə cəzalandırdığı üçün inkvezisiya məhkəmələrini pisləyən Qərb ölkələrinin özləri bu gün eyni yoluyla gedir, tarixdə yaşanmayan bir hadisəni zorla insanlara qəbul etdirir”.
Rafael Qasımova görə, erməni soyqırımının olub-olmadığını araşdırmaq tarixçilərin işidir. “Parlament üzvləri, hökumət, məhkəmə sistemi kimi qurumlar bu sahədə hər hansı araşdırma aparmaq imkanlarına və səlahiyyətlərinə malik deyillər. Araşdırmağa çalışsalar belə bu, ciddi elmi tədqiqat nümunəsi kimi qəbul olunmaz. Üstəlik, bu cür qanunlar istər-istəməz tarixçi alimlərin qarşısında keçilməz sərhədlər yaradır. Belə çıxır ki, sabah Yunanıstanda bir alim yüz il bundan əvvəl baş verənləri araşdırmaq istəsə, mütləq ona ermənipərəst mövqedən yanaşmalı, öz araşdırmalarıyla soyqırımın baş verməsi yalanını sübut etməyə çalışmalıdır. Əks halda o, cinayət məsuliyyəti daşıyır. Araşdırmaya başlamadan əvvəl tədqiqatın gələcəyi nəticənin bəlli olması istər-istəməz akademik çevrələri subyektizmə yuvarladacaq. Bu isə ortaya ciddi elmi-tədqiqat əsərlərinin çıxmasının qarşısını alacaq”.
Hüquqşunasın fikrincə, qəbul olunan qanun bu mənada yalnız insan hüquq və azadlıqlarına qarşı deyil, həm də bir elm sahəsinə vurulan ən böyük zərbədir: “Tarix elmini siyasi iradədən asılı vəziyyətə salan qanun mahiyyət etibarilə demokratik yox, orta əsrlərdən qalma avtoritar rejimlərin təfəkkürünə bənzəyir. Bu cür pis nümunələrlə dünya dövlətlərinə demokratiya dərsi keçən Qərb ilk öncə işə özünün təfəkkür tərzində aparacağı islahatlarla başlamalıdır.”

































































































