İqtisadçı Natiq Cəfəli bu gün parlamentdə 2015-ci ilin dövlət büdcəsində daxili borclanmanın həcminin artırılması ilə bağlı qəbul edilən qanun layihəsinə dəyişikliyi şərh edib.
İqtisadçı qafqazinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda biznes strukturları oturuşmuş fəaliyyət göstərmədiyi və əhalinin gəlirləri aşağı olduğu üçün dövlət borc kağızlarının tətbiq edilməsində ciddi problemlər yaşana bilər:
“Daxili borclanma bir neçə alətlə həyata keçirilir, lakin ən populyar 3 alət mövcuddur. Bunlardan birincisi, qısamüddətli borc kağızlarıdır, ikincisi uzunmüddətli borc kağızlarıdır ki, bu, 1 ildən 10 ilə qədər ola bilər. Bəzi ölkələrdə hətta 30 ilə qədərdir. Üçüncüsü isə dövlət istiqraz kağızlarıdır. Bu üsuldan Sovetlər Birliyində də istifadə edilirdi. Lotoreya bir neçə aydan bir təşkil edilir, hətta müxtəlif uduşlar da oynanılırdı.
Azərbaycanda isə qiymətli kağızlar bazarı formalaşmayıb. Iri biznes strukturlarının isə məmurlara bağlı fəaliyyət göstərməsi daxili borcu çətinləşdirir.
Azərbaycan yəqin ki, istiqraz vərəqlərinə üstünlük veriləcək. Gələn ildən artıq bank faizlərinə uyğun faiz dərəcələri müəyyən ediləcək və əhali buna təşviq olunacaq. Böyük ehtimalla, 50-500-1000 nominalla kağızlar buraxılacaq. Daxili borclanmada əsas rolu Mərkəzi Bank oynayacaq, çox güman, böyük hissəsini elə Mərkəzi Bank alacaq.
Daxili borclanma əslində o qədər də pis deyil. Çünki xarici borclanmada faiz dərəcələri yüksək olur, dövlət qarşısına əlavə öhdəliklər qoyulur. Əgər nəzərə alsaq ki, bizdə əhalinin gəlirləri aşağıdır, dövlət borc kağızlarının saxlanması və populyarlıq qazana bilməsi üçün ya faiz dərəcələri yüksək olmalıdır, ya da lotoreyalar təşkil edilməlidir. Bu, pul mükafatı, xaricə səfərlər və sair şəkildə ola bilər. Ancaq bu yolla əhalinin borc kağızlarına marağını artırmaq olar. Lakin əhali həmin kağızlardan bank faizləri qədər gəlir götürsə, o zaman insanlar banklara daha çox üstünlük verəcəklər. Düşünürəm ki, bu, Azərbaycanda asan baş tutmayacaq və ciddi problemlər olacaq”x9d.





































































































