Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Hazırda oxunan: Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

622710

Raisa Qorbaçovanı orta və yaşlı nəsil yaxşı tanıyır. Amma bu tanışlıq heç də müsbət notlar üzərində qurulmayıb. Çünki Raisa ermənilərin himayədarı kimi sovetlər dönəmində xalqımıza çox böyük zülmlər edib.

Bir daha xatırladaq ki, o keçmiş SSRİ-nin sonuncu birinci xanımı, pərdə arxasında isə birinci şəxsi olub. Çünki tarixə ekskurs etdikdə SSRİ-ni son dövrlərdə idarə edən şəxsin Mixail Qorbaçov deyil, Raisa olduğunu görmək elə də çətin deyil...

Ancaq tarixi qaranlıq səhifələrində başqa bir hekayə, ailə faciəsi yazılıb...

SSRİ-nin dağılmasından çox-çox sonralar bilinib ki, Raisa Maksimovnanın demək olar ki, heç vaxt haqqında danışmadığı Yevgeni  adlı bir qardaşı varmış.
 

Yevgeni Maksimoviç Titarenko 5 dekabr 1935-ci ildə Qərbi Sibir bölgəsindəki (indiki Altay Bölgəsi) Vesyoliy Yar kəndində anadan olub. O, Raisadan üç yaş kiçik idi.


Yevgeni uşaqlıqdan dənizçi olmağı arzulayırdı. O, Leninqrad Hərbi Dəniz Akademiyasına daxil oldu, lakin bitirə bilmədi və məzun olmamışdan bir il əvvəl təhsilini yarımçıq qoydu. Arktikada dənizçi kimi xidmət etdi və Donbassdakı mədəndə işlədi. Məhz orada şair Nikolay Antsiferovla tanış oldu. Şair ona Ədəbiyyat İnstitutuna daxil olmağı məsləhət gördü.

1964-cü ildə Titarenko Moskvadakı Qorki Ədəbiyyat İnstitutunu bitirdi. Orada gələcək həyat yoldaşı, milliyətcə osetin olan Zoya Qaboyeva ilə tanış oldu. Birlikdə Voronejə köçdülər və Yevgeni “Mərkəzi Qara Yer” kitab nəşriyyatında redaktor vəzifəsində çalışdı.

O, ən məşhur kitabı olan "Admiral-Generalissimonun və onun qərargah rəisinin su, quru və yeraltı kəşfləri, müharibələri və səyahətləri"ni hələ tələbə ikən yazdı. Daha sonra "Bazar meydanından dörd nəfər", "Nikodimova gölü" və "Müharibə qanunları ilə" povestləri nəşr olundu. Onlar Voronej və Moskvada böyük tirajlarla çap edildi.

Lakin Titarenkonun mədən faciəsindən bəhs edən ilk ciddi romanı olan "Uçqun" naşir senzurasına ilişdi. Yevgeni bəzəmədən, dürüstcəsinə yazıb, mədənçinin həyatını əslində olduğu kimi təsvir etmişdi. Amma SSRİ-də reallığı təsvir etmək ən böyük cinayət idi. 

Dürüstlük Yevgeni üçün ölümcül oldu...

Kitabın nəşrinə qadağa qoyulması Titarenko üçün ağır zərbə oldu. Kinini boğmaq üçün içkiyə qurşandı. İlk dövrlərdə içki əsəbini cilovlamağa kömək etdi və o, uşaq ədəbiyyatı janrında əsərlər qələmə aldı. Lakin tədricən spirtli içki öz təsirini göstərdi.
 

Qorbaçovlar 1978-ci ildə Moskvaya köçdükdə vəziyyət daha da pisləşdi. İlk vaxtlarda, Raisa Maksimovna ailəsini və qardaşını diqqətdə saxlayır, qayğısını əsirgəmirdi. O kiçik qardaşına ləziz yeməklər göndərir, Yevgeninin kirayə pulunu ödəyirdi.


Ancaq Yevgeninin içki aludəçiliyi getdikcə dözülməz həddə çatdı. Nəticədə arvadı onu atıb getdi. Bundan sonra, Titarenko evini yerli alkoqoliklər üçün yuvaya çevirdi. Hətta evdəki bütün əşyaları belə satıb içkiyə xərclədi.

Psixiatriya xəstəxanasına yerləşmə: qayğı, yoxsa təcrid?

1985-ci ildə Titarenko psixiatriya xəstəxanasına yerləşdirildi. Müasirlərinin fikrincə Raisa qardaşını qəsdən xəstəxanaya yerləşdirmişdi. Çünki qardaşını öz statusuna yaraşdırmırdı. Maraqlıdır ki, Mixail Qorbaçov Baş katib seçiləndən cəmi bir gün sonra bu hadisə baş verdi.

Təbii ki, Raisanı yaxından tanıyanlar, onu zəif yerindən vurmağa çalışanlar tez-tez qardaşını xatırladırdılar. O da vəziyyətdən çıxmaq üçün özünə haqq qazandırmaq istəyirdi. Bu yolda qardaşına böhtan atmaqdan belə çəkinmirdi. O, iddia edirdi ki, Titarenko xarici jurnalistlərlə əməkdaşlıq edib və SSRİ barədə gizli bilgilər sızdırıb.
 

1989-cu ildə Titarenko nəhayət Orlovka kəndindəki Voronej Regional Klinik Psixonevroloji Dispanserinə "köçürüldü". Ona üzvi beyin zədələnməsi və Alzheimer xəstəliyi diaqnozu qoyuldu. Əvvəlcə o, bütün şəraiti olan xüsusi palatada saxlanıldı və dostları onu ziyarət etdilər. Lakin tezliklə görüşlər qadağan edildi və Titarenko ümumi palataya köçürüldü.


1993-cü ildə məhkəmə onu fəaliyyət qabiliyyəti olmayan şəxs elan etdi. O, artıq 58 yaşında idi. Buna baxmayaraq məhkəmə qərarı ilə Yevgeni 25 illik məcburi psixiatrik müalicəyə cəlb edildi.

Xəstəxana palatasında tənhalıq

Yevgeni Titarenko ömrünün təxminən 30 ilini psixiatriya xəstəxanasında keçirdi. Lakin bacısı Raisa bir dəfə də onun ziyarətinə gəlmədi. Şöbə müdiri qohumlarından yalnız kiçik bacısı Lyudmilanın bəzən yazıçının taleyi ilə maraqlandığını söyləyirdi.

Yevgeni Titarenko 27 aprel 2018-ci ildə 82 yaşında vəfat etdi. O, Voronej yaxınlığındakı Petino kəndindəki qəbiristanlığın lap kənarında, gözdən uzaq yerdə dəfn edildi. Qohumlarından heç biri dəfn mərasiminə gəlmədi.
 

Yevgeni Titarenkonun faciəsi sadəcə alkoqolun yaratdığı, həm də məhv etdiyi istedadın hekayəsi deyil. Bu, bir ailənin faciəsidir. Bacı gücün zirvəsində, dünya siyasətinin mərkəzində, qardaş isə unudulmuş ruhi xəstəxanada, ölüm üçün günləri sayır...


Yevgeninin ruhi dispanserə salınması qayğı idi, yoxsa arzuolunmaz qardaşın kinayəli təcridi?

Bu suala cavab yoxdur və çox güman ki, heç vaxt olmayacaq. Amma bir şey aydındır: Yevgeni Titarenkonun taleyi SSRİ-nin sonuncu Birinci Xanımının arxasında əbədi qalacaq lənətlənmiş kölgədir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO