Aprelin 23-də “Petrovyetnam”x9d Dövlət Neft və Qaz şirkətinin baş direktoru Nquyen Kuok Xanın başçılıq etdiyi 18 nəfərlik nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq oldu.
Qonaqları səmimi qarşılayan ADNA-nın rektor əvəzi, professor Vaqif Qurbanov rəhbərlik etdiyi təhsil ocağının tarixi, strukturu və nailiyyətləri barədə məlumat verdi, söhbət əsnasında, ADNA-nın 442 vyetnamlı məzunu, 30-dan artıq texnika elmləri namizədi və doktoru olduğunu, hazırda isə 29 vyetnamlı tələbənin təhsil aldığını xüsusi qeyd etdi. Bildirdi ki, bu nailiyyətlərinə görə Vyetnam hökuməti Neft Akademiyasını 3 dəfə “Dostluq”x9d ordeni ilə, 2010-cu ildə isə “Əmək”x9d ordeni ilə təltif etmişdir. O, vyetnamlı tələbələrin həddən artıq çalışqan və vətənpərvər olduqlarını, dərsləri ilə yanaşı idmana da maraq göstərdiklərini söylədi. “Petrovyetnam”x9d şirkətinin baş direktoru özünün və nümayəndə heyətinin əksəriyyətinin bu qocaman ali məktəbin 80-ci illərinin məzunları olduqlarını bildirərək, vaxtilə ADNA-nı bitirmiş vyetnamlı məzunların əksəriyyətinin hazırda rəhbər işlərdə çalışdıqlarını xüsusi vurğuladı. Nquyen Kuok Xan rəhbərlik etdiyi şirkətin nəzdində Petrovyetnam Universitetinin yaradıldığını bildirdi. Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı universitet müəllimlərinin ADNA-da stajkeçmə, ADNA-nın professor-müəllim heyətinin isə qısa müddətli mühazirələr oxumaq məqsədilə Vyetnama ezam olunma imkanları müzakirə edildi. Vyetnamlı tələbələrin şirkətin xətti ilə Neft Akademiyasında təhsil almağa göndərilməsini əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ilk addım kimi dəyərləndirdilər. Professor Vaqif Qurbanov təhsil ocağının kadr hazırlığı üzrə böyük təcrübəsi və şərəfli ənənələrinə istinad edərək, bu ölkəyə köməklik göstərməyə tam hazır olduqlarını bəyan etdi. O, həmçinin bu ölkənin mütəxəssisləri üçün ixtisasartırma kurslarının da təşkil olunma mümkünlüyünü bildirdi. Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim etdilər. Nümayəndə heyəti ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla böyük maraqla tanış olduqdan sonra, Azərbaycanla Vyetnam arasındakı münasibətlərdən məmnunluq ifadə edən nümayəndə heyətinin rəhbəri, Fəxri Qonaqlar kitabında qeydlərini etdi. ADNA-da təhsil alan vyetnamlı tələbələrlə görüşən nümayəndə heyəti onların təhsili və asudə vaxtlarının təşkili ilə maraqlandı, onlara öz tövsiyələrini verdilər. Sonra nümayəndə heyətinin üzvləri məzunu olduqları fakültə və kafedralara gedərək, onlara dərs demiş müəllimlərlə görüşərək, xatirə şəkilləri çəkdirdilər.




































































































