BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu Moderator.az-a açıqlamasında Minsk qrupunun həmsədri Ceyms Uorlikin bəyanatını şərh edib:
“ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin Karnegi Fondunda verdiyi bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox düzgün əks etdirir. Onun sözlərinə görə, Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayon Azərbaycana qaytarılmalıdır. Səfir xatırladıb ki, həmsədrin çıxışında münaqişənin nizamlanması üçün gərəkli olan altı prinsip öz əksini tapıb. Afərin cənab Riçard Morninqstar! Fikir verin. Cənab səfir deyir ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayon Azərbaycana qaytarılmalıdır. Yəni, Dağlıq Qarabağ Azərbaycana qaytarılmamalıdır!!! Budur ABŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti! Və Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ adından irəli sürdüyü altı təklif də məhz Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yönəlib. Bu tipli bəyanatlar səsləndirməklə cənab səfir elə bilir ki, uşaq başı aldadır.
Cənab Riçard Morninqstar, biz sizlərin “türk sevginizə” bələdik və artıq qəti əminik ki, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbkarı məhz ABŞ da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Yaxşısı budur ki, sizlər Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkin və türk dünyasının bədənində yaratdığınız qara yaranı-Ermənistanı və erməni faşistlərini- dəstəkləməyə son qoyun!”.
































































































