Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyi bildirir ki, dekabrın 9-u Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqını hazırkı sədr Litvanın xarici işlər naziri Linas Antanas Linkeviçyus, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füle təmsil edib.
Məmmədquliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Avropa qonşuluq siyasəti üzrə Avropa İttifaqı-Azərbaycan fəaliyyət planında göstərildiyi kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb, Brüsseli münaqişənin nizamlanması ilə bağlı qəti mövqe ifadə etməyə çağırıb.
Avropa qonşuluq siyasəti və Şərq tərəfdaşlığı formatında aparılmış fəaliyyət, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında assosiasiya sazişi üzrə aparılan danışıqlarda nailiyyətlər əldə olunduğunu qeyd ediblər.
“Azadlıq” radiosunun məlumatına görə, Füle iclasdan sonrakı mətbuat konfransında deyib ki, Avropa İttifaqı Azərbaycanı fundamental insan azadlıqları ilə bağlı beynəlxalq öhdəliklərə sayğı göstərməyə çağırır: “Mətbuat, birləşmək, toplaşmaq azadlığı kimi sahələrdə hələ görüləsi çox iş var. Seçki Məcəlləsini ATƏT-in Demokratik İslahatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə uyğunlaşdırmaq mühümdür. Bunu tez etməyə ehtiyac var ki, Azərbaycan gələn il bələdiyyə və 2015-ci ildə parlament seçkilərinin azad və ədalətli keçməsini təmin edə bilsin”.






































































































