Moderator.az gənc yazıçı Mövlud Mövludun yeni hekayəsini təqdim edir.
Yanaşı düzülən üç məktəbi deyirəm: 58, 36, 47. Məktəb binalarının arasında futbol meydançası da var idi. Mənim uşaqlığım oralarda keçib. Əsas da yay aylarında ”“ gün uzananda. Axşam böyüklər gəlib bizi stadiondan çıxarırdılar. Ona görə məcbur idik günortanın istisində ”“ gün başımıza döyə-döyə oynayaq. Axşama düşəndə tamarzı qalırdıq. Oyunun ən şirin yerində gəlirdilər, əvvəl topumuza, nəm-nüm eləsək, dalımıza bir təpik vurub qovurdular.
Evimiz yolun bu biri üzündə idi. Yeməyimin axırıncı loxmasını udmamış düz stadionun qırağında olurdum. Əslində, ortasında da ola bilərdim. Di gəl, futbolu çox pis oynayırdım, yaşıdlarım mənimlə oynamaq istəmirdilər.
Günorta axşama əyilən vaxt məktəbin həyətinə getmişdim. Böyük qaqaşlar hələ gəlməmişdilər. Uşaqlardan da gözə dəyən yox idi. Bir az ora-bura gəzişəndən, məktəbin pəncərələrinə daş atıb yorulandan sonra evə qayıtmaq istədim. Bir-iki addım atmamış məktəbin dalından qışqırıq, fəryad, söyüş, qarğış səsləri göyə bülənd oldu. Udquna-udquna səs gələn tərəfə getdim. Əvvəl elə bildim, zarafatdı, oyundu. Sonra dedim davadı, yenə hallavarlılar bir-birini qırır. Arxa küçələrdə məşhur hallavarlılar məhəlləsi var idi. Ha deyəndə, tır-toy qoparıb dava salırdılar. Kişilərin bir-birinin üstünə bıçaq çəkdiyi, arvadların saçyolduya çıxdığı, cavanların süpürləşdiyi, balacaların uzaqdan bir-birlərinə tüpürdüyü bu davaları çox görmüşdük. Onların qanlı hesablaşmaları polisin də vecinə olmurdu. Hallavarlılardan pul qoparmaqmı olardı?
Nə oyun idi, nə dava. Süliddinlə Ramalı görən kimi tanıdım ”“ arxa məhəllənin ən qansız uşaqlarını. Məktəbin arxasındakı kasıb evlərin birində qalan süpürgəçi qarının nəvələrinə işgəncə verirdilər. Üst-başından miskinlik tökülən, ağzında dişi olmayan bir qarının.
Həmişə nəvələrilə bir yerdə olurdu. Dükana bir yerdə gedirdilər, bazardan bir yerdə qayıdırdılar. Biz dərsdən çıxıb evə tələsəndə onlar məktəbin həyətini süpürən nənələrinin yanına qaçırdılar. Anam bir-iki dəfə mənim yanımda qarıya pul vermişdi. Məhəllədə danışırdılar ki, uşaqların atası müharibədə öləndən sonra anaları dəlixanaya düşüb. Nəvələr qalıb arvadın üstündə. Məktəbdəki müəllimələr başqa cür deyirdilər: “Ataları müharibədə şəhid olub, anaları xəstəxanada müalicə aldığına görə uşaqlar hələlik nənələrinin himayəsində yaşayırlar”x9d.
Yəqin Süliddin “himayə”x9d sözünün mənasını bilmirdi, bilsə, o uşağın boğazını elə möhkəm sıxmazdı. Süliddin balaca nəvəni boğurdu, Ramal böyük tayını. Nənə onların arasında qalmışdı. Süliddinə tərəf qaçanda Ramal böyük nəvəni çığırdırdı, Ramala yüyürəndə Süliddin balacanı yerlə sürüyürdü. Nəvələrini bu iki əzrayılın cəngindən almağa başqa adam olsaydı, nənə yəqin ki, taqətsiz ürəyini çəkdiyi əzablara təslim eləyərdi.
Heykələ dönmüşdüm. Qəzəblə qorxunun qarışığından başım hərlənirdi. Başa düşürdüm, günahsız tifilləri Süliddingilin əlindən almaq lazım idi. Ancaq qorxurdum. Eşitmişdim ki, onlar mən yaşda uşaqların üstünə bıçaq çəkir, zorla məktəbin arxasına aparır, qorxudub şeylərindən öpdürürlər.
Geri-geri gedib, stadionun yanındakı yarımçıq tikilinin arxasına girdim. Uşaqların ağlamaqdan, çığırmaqdan səsləri batmışdı. Nənə qışqır-bağır salır, hədələyir, hədələyir, axırda naəlac qalıb qarğış eləyirdi.
Mən istəyirdim qarının da, nəvələrinin də günahı olsun. İstəyirdim qarı Süliddingilin yumurtasını oğurlasın (Kasıb, köməksiz arvaddı, uşaqlar ac qalıb, bu da məcbur olub oğurluq eləyib. Gərək oğurlamazdı, istəsə verərdilər. Hamı bilir onların vəziyyətini), nəvələri Ramalın anasının toyuğunu oğurladığı yerdə tutulsun (Nənə böyüdən uşaq belə olur. Yəqin toyuq istəyib, yazıq arvad da ala bilməyib, bu da gedib qonşunun toyuğunu oğurlayıb. Uşağa gərək nəzarət olsun. Bu gün toyuq oğurlayan, sabah qızıl oğurlayar, pul oğurlayar), istəyirdim nəvələr Süliddingilin itini daşa basmış olsun (Ay bala, bu yazıq heyvanı niyə zingildədirsiniz? Onsuz da özünü zorla hərləyir. Bax o sənə neyləyir ki, daşa basırsan? Yenə gecələr yalandan hürür, oğrunu-zadı qorxudur). Bu zülmün bir səbəbi olmalıydı. Belə olsa, mən özümə təskinlik verə biləcəkdim: “Günahları var idi, cəzalarını çəksinlər”x9d.
Ancaq Süliddinlə Ramal gülürdü. Mən hələ gülə-gülə cəza verən adam görməmişdim. Nənə aralıqda qaça-qaça bir dəfə yıxıldı da. Ancaq tez də ayağa qalxdı. O, bu boyda həngamənin içində belə əlində tutduğu torbanı (içində beş-altı kartof var idi) atmırdı.
Arvad yıxılanda mənim içimdə ümid közərdi. Dedim bəlkə yazıqları gələ, uşaqları buraxalar. Əksinə oldu. Bir az da ürəkdən güldülər, uşaqların canını bir az da incitdilər. Ramal sol əli ilə nəvənin boynundan yapışıb, sağla şalvarının qabağını açdı. Arvad əlindəki torbanı sifətinə tutdu, üzünü yana çevirib tüpürdü. Nəvəsi çığıranda nənə dəli kimi ona tərəf yüyürməyə məcbur oldu. Ramal uşağı arxaya sürüyə-sürüyə xırıltılı səslə güldü. Onun səsi məktəbin pəncərələrinə dəyib geri qayıtdı: “Bunun ucuna ostura bilərsən? Xa-xa-xa!”x9d
Qarı qışqırmaqdan batmış səslə naçar-naçar inlədi:
”“ Ramal, Ramal, anan qanını yalasın, bala!
Süliddin üzüyuxarı şaqqanaq çəkdi. Məktəbin damına qonmuş quşlar hürküb uçuşdular. Qorxumdan canıma üşütmə düşdü. Artıq orda qala bilməyib, dabana tüpürdüm.
Bu, mənim görüb səs çıxara bilmədiyim ilk zülm oldu.
***
Gördüklərimi bir-iki günə unutdum. Yenə əvvəlki həvəslə stadiona gedib-gəlməyə başladım. Sonra dərslər başladı, havalar soyudu, axşam ertə düşürdü deyə ayağımız məktəbin həyətindən yığıldı. Boş stadionun payız yağışlarından başqa qonağı olmadı.
Məktəb vaxtıydı. Axırıncı dərsin zəngi vurulmuşdu. Qaça-qaça, itələşə-itələşə, qapıdan çıxıb, evimizə getməyə tələsirdik. Qapının ağzında nəvələrdən birini gördüm. Bilmədim sevinəm, yoxsa utanam. Ancaq yenə də onu görməyimə sevindim. Sevinməyim mənə qəribə gəldi. Orda öləsi deyildilər ki? Süliddingil onların ətinimi yeyəsiydi? Bunları fikirləşdikcə ürəyimdə Süliddinlə Ramala rəğbət oyandı. Nənəni, uşaqları buraxdıqlarına görə onlara “çox sağ ol”x9d demək istədim. Gözümə oğlanın üzündəki xal ləkəsi sataşdı. Mənə elə gəldi ki, bu ləkə oğlanın göz yaşıdır, həmin gündən onun yanağında donub qalıb. Sinif yoldaşım kürəyimdən itələdi. Qapıdan çıxanda gözüm nəvəni axtardı, tapmadı. O, qarışıqlıqda gözdən itmişdi.
***
Böyümüşdük, aradan çox sular axmışdı. İndi nə Süliddindən, qorxurduq nə də Ramaldan. Qorxmağa bir şey də qalmamışdı. Cavan yaşında ahıl kişiyə oxşayırdılar. Dişləri tökülüb, belləri bükülmüşdü. İkisi də türmə yatıb çıxmışdılar. İşsiz-gücsüz, səfil-sərgərdan günündə ondan-bundan siqaret dilənirdilər.
Məhəllə çayxanasıydı. Bir-iki dostla oturmuşduq. Süliddin əvvəl siqaret üçün bizə yaxınlaşdı, dilucu “gəl otur”x9d deməyimizə peşman olduq. Stul çəkib çayçıya səsləndi: “Ordan bir stəkan!”x9d Xeyli söhbət elədik. Aranı dağa, dağ arana daşıdıq. Sülü ”“ biz artıq onu belə çağıra bilirdik ”“ əvvəl stoldakı bahalı siqaretlərdən çəkdi, sonra “sinəmə yatmır”x9d deyib keçdi ucuzlara. Biz söhbətdən yorulduq, amma o, siqaretdən doymadı. Gecə düşürdü, əvvəl evlilərə, sonra subaylara zəng gəldi. Yavaş-yavaş qalxmaq lazım idi. Nə qədər özümü saxlayıb köhnə palan içi tökmək istəməsəm də axırda dözmədim, Süliddindən həmin günkü əhvalatı soruşdum. O, arvada, uşaqlara edilən zülmə barmaq boyda səbəb tapmaq məni əməllicə sakitləşdirərdi. Süliddin heç nə xatırlamadı. Əvvəl inanmağım gəlmədi. İnanmadım ki, insan belə bir iş tutsun, sonra yadından çıxarsın. Həmin gün olanların hamısını danışdım ki, bəlkə yadına düşə. Arvadın əlindəki torbaya qədər dedim. Torbanı xatırlamağım Süliddini güldürdü. Ha əlləşdi, heç nəyi yadına sala bilmədi. Həyat eşqi çoxdan ölmüş gözlərini mənə zilləyib, dilsiz-ağızsız heyvan kimi yazıq-yazıq baxdı. Uşaqlardan biri yerdən söz atdı:
”“ Sülü balacamı baladı? O vaxtı bunların əlindən həyətə çıxa bilmirdik. Bütün günü xəxəniz axtarırdılar. Yəqin bir az oynadıb, buraxıblar, gediblər təzə hoqqa dalınca.
Süliddin kinayəli gülüşlər altında əzildi. Ona ürəyim ağrıdı. Həmin ağrı idi ”“ qarı üçün, nəvələr üçün gizildəmişdi. Bu halım özümə də çöçün gəldi, ona acıdığına görə içimdəki adama qəzəbləndim. Süliddinin küt baxışlarına dözməyib söhbəti bağladım.
Biz çayçıdan çıxanda şər qarışmışdı. Uşaqlarla sağollaşıb dağılışdıq. Gecəydi, evə gedirdim. Küçədən ancaq mənim addım səslərim gəlirdi. “Payız gəlib, gün gödəlib, ”“ deyə düşündüm, ”“ bundan belə hava hər gün bir az da tez qaralacaq, futbol oynayanların ayağı məktəbin həyətindən kəsiləcək. Stadionun payız yağışlarından başqa qonağı olmayacaq”x9d. Başa düşə bilmirdim, bunlar məni niyə bu qədər kədərləndirirdi?




































































































