Partiya sədri: “SSRİ-nin törətdiyi cinayətə görə təkcə Qorbaçov hədəf seçilməməlidir”

Hazırda oxunan: Partiya sədri: “SSRİ-nin törətdiyi cinayətə görə təkcə Qorbaçov hədəf seçilməməlidir”

9209

20 yanvar faciəsindən 31 il keçir. Bu illər ərzində Qorbaçov və onun Bakıdakı havadarları cəzalandırılmaq əvəzinə, müxtəlif mükafatlarla təltif olunurlar. Dünyaya dəmir barmaqlıqlar arasından baxmaqdansa, azadlıqda  sərbəst gəzirlər.

Bəs niyə əli yüzlərlə azərbaycanlının qanına batan, neçə-neçə ananın bəd duasını çiyinlərində gəzdirən Mixail Qorbaçov törətdiyi cinayətə görə cəzasız qalır.

Yoxsa Nobel sülh mükafatı ona məhz bu “qabiliyyətlərinə” görə verilib?

Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, Qorbaçov Nobel mükafatı aldığı üçün, onu hər hansı şəkildə məhkəməyə gətirmək mümkün deyil.

Onun sözlərinə görə, SSRİ-nin cani başçısı ömrünün sonuna qədər 20 Yanvar adlı qara ləkəni öz bioqrafiyasında gəzdirəcək.

“SSRİ dağıldığı üçün bu məsələni həll etmək çox çətindir. Buna baxmayaraq mən düşünürəm ki, o qatillər mənəvi cəhətdən mühakimə olunublar. Hüquqi baxımdan onların mühakimə olunması üçün dünya məhkəməsinə müraciət edilməlidir. Azərbaycan məhkəmələri bu mövzuda hər hansı bir addım atmaqda müəyyən çətinliklərlə üzləşir.

Çünki, Qarbaçov Nobel mükafatçısıdır və onu hər hansı şəkildə məhkəməyə gətirmək problemdir. Bundan başqa faciəni törədən digər insanların bəziləri artıq həyatda yoxdurlar. Onlar hər zaman bu qara ləkəni öz vicdanlarında daşıyacaqlar. Bu gün onlar cəzasızlıqları ilə fəxr etməsinlər, onsuz da İlahi ədalətdən qaça bilməyəcəklər”, - deyə millət vəkili fikrini tamamlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mixail Qorbaçov: "Əvvəl cənnətdə idim, indi isə cəhənnəmdə" - VİDEO


Azərbaycan Demokrat Partiyasının sədri, “Hürriyyət” qəzetinin təsisçisi Sərdar Cəlaloğlunun fikrincə, indiyə qədər məsələyə düzgün siyasi qiymət verilmədiyi üçün cinayətkarlar cəzasız qalıb.

“20 Yanvar SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi br genosid siyasəti idi. Məsələyə düzgün siyasi qiymət verilmədiyi üçün bu günə qədər heç bir hüquqi nəticə əldə olunmayıb. Hamıya bəllidir ki, qoşunun Bakıya yeridilməsi təkcə Qorbaçovun şəxsi iradəsindən asılı olmayıb. O zamanlar Müdafiə Nazirliyi, Siyasi Büronun qərarları var idi. Qorbaçov sadəcə o dövlətin başçısı idi. Bu baxımdan bu genosidi bir tək Qorbaçovun üzərinə yıxmaq SSRİ hökümətini məsuliyyətdən xilas etmək deməkdir”,- deyə o, qeyd edib.

S.Cəlaloğlu SSRİ-ni dağıtdığı üçün Qorbaçovun Qərbdə sovet hakimiyyətinin ən demokratik dövlət başçısı hesab olunduğunu da qeyd edib. 

O, hesab edir ki, Qorbaçov məhz buna görə Nobel sülh mükafatına layiq görülüb:
“Biz Qorbaçovu nə qədər bəyənməsək də, o, Qərb üçün Rusiyanın ən demokratik liderlərindən biridir. Onun SSRİ-nin dağılmasında müstəsna xidməti var. Elə bu səbəbə görə də Nobel mükafatı ilə təltif olunub.

Belə baxanda Qorbaçov dinc yolla SSRİ-ni dağıtdığı üçün bəşəriyyətə xidmət etmiş oldu. Yenə də təkrarlayıram, biz bir şəxsi deyil, ümumilikdə SSRİ dövlətini Beynəlxalq Məhkəməyə verməliyik. Bütöv bir hakimiyyətin törətdiyi cinayətə görə, bir nəfər hədəf seçilməməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO