Rusiya oktyabrın 7-nə keçən gecə Ukraynaya ballistik və qanadlı raketlər, həmçinin dronlarla hücum edib.
Bizim.Media xəbər verir ki, Kiyev, Dnepr, Zaporojye və Kremençukda partlayışlar baş verib.
Rusiya ballistik raketlərini təxminən gecə saat 3 və 5-də buraxıb. Hərbi Hava Qüvvələrinin məlumatına görə, Kiyev, Zaporojye və Dnepr üçün təhlükə yaranıb.
Təxminən saat 03:00-da Hərbi Hava Qüvvələri “Oleneqorsk” aerodromundan altı Tu-95 təyyarəsinin havaya qalxdığını qeydə alıb. Saat 06:00 radələrində qanadlı raketlər Ukraynanın hava məkanında görünüb.
Kiyev meri Vitali Kliçko bildirib ki, Obolonski rayonunda yaşayış olmayan ərazidə, Podolski rayonunda isə anbar binalarında zərbələr qeydə alınıb. Darnitski rayonunda açıq ərazidə qalıqlar yanıb, Şevçenko rayonunda isə yaşayış olmayan əraziyə zərbə dəyib.
Daha sonra Darnitski rayonunda qaraj kooperativi ərazisində hücumun nəticələri qeydə alınıb. Kiyev Şəhər Hərbi Administrasiyası daha sonra Rusiya zərbələri nəticəsində Darnitski rayonunda iki nəfərin öldüyünü bildirib.
Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib ki, Dneprdə sənaye müəssisəsinə zərbə endirilib. Zaporojyedə isə nəqliyyat infrastrukturunun obyektinə hücum edilib. Zaporojye vilayət hərbi administrasiyası hücumun nəticələri səbəbindən bəzi yollarda hərəkətin müvəqqəti məhdudlaşdırılmasının mümkün olduğunu bildirib.
Saat 06:30: Poltava vilayəti kütləvi raket-dron hücumuna məruz qalıb. Kremençukda partlayışları vilayət hərbi administrasiyasının rəhbəri Vitali Dyakivniç təsdiqləyib.
Saat 07:25: Vilayət hərbi administrasiyasının məlumatına görə, kütləvi raket hücumu zamanı Kremençukda yaşayış məhəlləsinə zərbə dəyib. Çoxmənzilli binalara ziyan dəyib. Bütün xidmətlər hadisə yerinə göndərilib, zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. Həmçinin Kremençuk rayonundakı müəssisələrdən birinə zərbə dəyib.
Saat 07:31: Kirovoqrad vilayətinə də hücum edilib. Vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviçin sözlərinə görə, müəssisələrdən birinə zərbə dəyib. İlkin məlumata görə, bir nəfər yaralanıb.
Bundan əlavə, Kliçkonun sözlərinə görə, Kiyevin Podolski rayonunda düşmənin hücumu nəticəsində yanğın baş verib və ofis-anbar binasının örtüyü qismən dağılıb.



Bizim.Media



































































































