Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində yerləşən Şerbakovka kəndinin nəzarətə götürüldüyünü açıqlayıb. Lakin Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, həmin yaşayış məntəqəsi hələ 1997-ci ildə ləğv edilib.
Bizim.Media xəbər verir ki, Ukraynanın UNİAN agentliyinin məlumatına görə, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya Müdafiə Nazirliyinin açıqlamasını tənqid edib.
«Bu, Rusiya təbliğatının Rusiya qoşunlarının bütün istiqamətlərdə davamlı uğurlu hücumu barədə illüziya yaratmağa çalışdığı dezinformasiyanın növbəti tipik nümunəsidir», – deyə mərkəzin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Şerbakovka kəndi 1997-ci ildə, yaşayış məntəqəsində heç bir sakin qalmadıqdan sonra ləğv edilib.
«2026-cı ilin vəziyyətinə görə, Ukraynada belə bir yaşayış məntəqəsi mövcud deyil», – açıqlamada vurğulanıb.
Bu, Rusiya hərbçilərinin faktiki olaraq Ukrayna qüvvələrinin nəzarətində qalan yaşayış məntəqələrinin ələ keçirilməsi barədə açıqlama verdiyi ilk hal deyil.
Belə ki, apreldə Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov Xarkov vilayətindəki Kupyansk şəhərinin Rusiya qoşunlarının nəzarətinə keçdiyini bildirmişdi. Lakin həmin vaxt şəhərdə Ukrayna bölmələri mövqelərini qoruyurdu.

Bizim.Media
































































































