Kral ailəsindən uzaqlaşdırılan Endrü Mauntbetten-Vindzor (keçmiş York hersoqu) ərəb milyarderi tərəfindən onun üçün təşkil olunmuş lüks və pulsuz tətil xatirinə faktiki sürgündə olduğu Sandrinqem malikanəsini gizlicə tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Böyük Britaniyanın "Daily Mail" qəzeti yayıb.
Məlumata görə, kral ailəsinin keçmiş üzvü BƏƏ-nin atçılıq idmanı maqnatı, 38 yaşlı milyarder Məhəmməd A. Beykerin VİP qonağı qismində Fransanın şimal-qərbindəki Bretan bölgəsində, Sen-Malo şəhəri yaxınlığındakı məşhur atçılıq fermasında dincəlib. Milyarderin tamamilə öz hesabına təşkil etdiyi şəxsi təyyarə ilə Noriç aeroportundan Fransaya uçan Endrü orada 3 gün keçirib, kimsəsiz çimərliklərdə at çapıb və şəxsi aşpazın ləfis təamlarından dadıb.
Sirli xəsarət: Üzündəki göyərmə haradandır?
Bu gizli səyahətin ən maraqlı və müəmmalı tərəfi onun sonu olub. İyunun 1-də axşam saatlarında Böyük Britaniyaya qayıdan Endrü iyunun 4-ü səhər saatlarında malikanədən çıxarkən paparassilərin hədəfinə tuş gəlib. Fotolarda onun üzündə aydın görünən ciddi göyərmə və qançır izi qeydə alınıb. Güman edilir ki, keçmiş şahzadə bu sirli xəsarəti məhz Fransada olarkən alıb. Fermanın işçilərindən birinin sözlərinə görə, Endrü orada cəmi bir mühafizəçi ilə qalıb və ev sahibi ilə birlikdə tez-tez atla gəzintiyə çıxıb.
Yaxın Şərqdən gələn "xilas kəndiri"
Yaxın Şərqdə idman ayaqqabıları kralı kimi tanınan, "Nike", "Puma", "Timberland" kimi brendlərin distribütoru olan "Gulf Marketing Group" (GMG) holdinqinin rəhbəri Məhəmməd Beyker ilə Endrünün əlaqələri Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum vasitəsilə formalaşıb. Qərbdə pedofiliya qalmaqalında adı keçən Ceffri Epşteynlə yaxınlığına görə "arzuedilməz şəxs" (persona non grata) elan edilən Endrünün reputasiyası ərəb tərəfdaşları üçün heç bir problem yaratmayıb. Hətta BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Endrüyə öz krallığında tam təminatlı təhlükəsiz sığınacaq təklif etdiyi də gəzən şayiələr arasındadır.
İstintaq altındadır, lakin ölkədən çıxış qadağası yoxdur
66 yaşlı Endrünün həyatı cari ilin fevralında Vindzordakı lüks "Royal Lodge" malikanəsindən çıxarılaraq Sandrinqemə köçürülməsi ilə tamamilə dəyişib. Vəziyyət fevralın 19-da onun rəsmi vəzifə cinayətlərində şübhəli bilinərək polis tərəfindən 11 saat dindirilməsindən sonra daha da pisləşib. O, vaxtilə Britaniyanın ticarət nümayəndəsi olarkən Ceffri Epşteynə məxfi bazar məlumatlarını ötürməkdə ittiham olunur.
Xatırladaq ki, ötən ilin oktyabrında Kral III Çarlz rəsmi olaraq qardaşını bütün şahzadəlik titullarından, hərbi rütbə və fəxri adlarından məhrum edərək, ona yalnız Endrü Mauntbetten-Vindzor kimi çağırılmaq öhdəliyi qoyub.
Bizim.Media

































































































