
- A-
- A
- A+
Rusiya hərbçiləri süni intellekt videoları ilə Putini aldadırlar – Şok faktlar
Rusiya hərbçiləri ordunun cəbhədə guya uğurla irəlilədiyini göstərmək üçün süni intellekt vasitəsilə saxta videolar hazırlamağa başlayıblar. Belə materialları hətta Rusiya Müdafiə Nazirliyi və dövlət mediası da yayımlayır. Saxta görüntülər Kremlə qaçılmaz qələbə illüziyası yaratmağa, Rusiya hərbi komandanlığına isə Vladimir Putini aldatmağa imkan verir.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Oktyabrın ortalarında Rusiya hərbi komandirləri Putinə Dobropolyenin guya ələ keçirildiyi barədə məruzə ediblər. Bundan sonra Rusiya Müdafiə Nazirliyi şəhərin dağıntılarını əks etdirən və rusiyalı hərbçilərin zədələnmiş binalar arasında bayraq yellədiyi videonu yayımlayıb.
Lakin görüntülərdən birinin süni intellekt vasitəsilə dəyişdirildiyi ehtimal olunur. Kadrlarda hərbçi binanın pəncərəsindən Rusiya bayrağını yelləyir, lakin hərəkət zamanı üçrəngli bayrağın istiqaməti qəfil dəyişir.
Conflict Intelligence Team araşdırma qrupunun rəhbəri Ruslan Leviev bildirib ki, bu anomaliyanı videonun sıxılması və ya kameranın xüsusiyyətləri ilə izah etmək mümkün deyil. Onun sözlərinə görə, görüntülərə şübhəsiz ki, müdaxilə edilib.
Bununla yanaşı, Ukrayna hərbçiləri Putinin şəhərin ələ keçirildiyini elan etməsindən təxminən üç həftə sonra da Dobropolyedəki mövqelərini qoruyub saxlayıblar.
Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Rusiya hərbi bölmələri və müharibə tərəfdarı bloqerlər tərəfindən yayımlanan, ehtimal ki, süni intellekt vasitəsilə hazırlanmış və ya redaktə edilmiş 35 video aşkarlayıb.
Bəzi görüntülərdə hərbçilərin bədən pquruluşlarının qeyri-təbii olduğu, insanların və bayraqların isə ağacların arasında qəfil yoxa çıxdığı müşahidə olunur.
ISW-nin kəşfiyyat qrupunun rəhbəri Daniel Mili hesab edir ki, belə materiallar daha genişmiqyaslı koqnitiv müharibə kampaniyasının tərkib hissəsidir. Onun məqsədi auditoriyanı Rusiyanın qələbəsinin qaçılmaz olduğuna inandırmaq, Ukrayna müdafiəsinin dağıldığı və Qərbin kapitulyasiya ilə razılaşmalı olduğu təəssüratını yaratmaqdır.
Bununla yanaşı, analitik videoların mərkəzləşdirilmiş struktur tərəfindən deyil, ayrı-ayrı hərbi bölmələr və onlarla əlaqəli blogerlər tərəfindən hazırlandığını ehtimal edir.
Belə nümunələrdən biri iyulun 27-də Divgen adlı hərbi bloger tərəfindən yayımlanan videodur. Görüntülərdə hərbçi Xarkov vilayətinin Belıy Kolodez kəndi yaxınlığında bayraq yelləyir. Lakin onun bədən quruluşu qeyri-təbii dərəcədə böyük görünür, daha sonra isə hərbçi ümumiyyətlə kadrlardan yoxa çıxır.
“Severnıy kanal” hərbi bloqunun məlumatına görə, yaşayış məntəqəsinin ələ keçirilməsi ilə əlaqələndirilən 127-ci motoatıcı alay həmin vaxt döyüş əməliyyatlarının qeyri-qənaətbəxş nəticələrinə görə diviziya komandanlığı tərəfindən yoxlanılırdı.
Avqustun 3-də Rusiya Müdafiə Nazirliyi Belıy Kolodez kəndinin “azad edildiyini” elan edib. Bununla belə, Ukrayna tərəfi Rusiya hərbçilərinin yaşayış məntəqəsindən 10 kilometr aralıda olduğunu bildirirdi.
Rusiya prezidentini tanıyan və onunla bağlı məlumatlı olan mənbələrin sözlərinə görə, Putinin müharibədə qələbə qazanmaq istəyi komandirləri döyüş əməliyyatlarının nəticələrini şişirtməyə və mövcud olmayan uğurlar barədə məruzə etməyə sövq edir.
Həmsöhbətlərdən biri izah edib ki, yaşayış məntəqələrinin guya ələ keçirilməsi ilə bağlı məlumatlar polkovnik və generallardan başlayaraq Baş Qərargaha, oradan isə ali baş komandana qədər bütöv bir komanda zəncirindən keçir. Lakin məruzənin ötürülməsi zamanı Rusiya hərbçiləri artıq həmin mövqeləri tərk etmiş ola bilərlər.
Nəticədə əmrlər köhnəlmiş məlumatlar əsasında verilir və bu da əlavə itkilərə səbəb olur.
Rusiya tərəfinin bəyanatları ilə cəbhədəki real vəziyyət arasındakı fərq getdikcə artır.
Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi əməkdaşı Dara Massikot qeyd edib ki, Kreml daxilində onu həqiqi məlumatlar verməyə və ya şişirdilmiş bəyanatları düzəltməyə məcbur edəcək təzyiq mövcud deyil.
Belə ki, Putin oktyabrın 16-da televiziya vasitəsilə yayımlanan brifinq zamanı ilin əvvəlindən etibarən Rusiya ordusunun 6500 kvadratkilometr ərazini ələ keçirdiyini bildirib.
Lakin müstəqil analitiklər həmin dövrdə Rusiyanın ərazi qazanclarını xeyli aşağı qiymətləndiriblər. Hətta Moskvanın xeyrinə olan ən optimist hesablamalara görə belə, bu göstərici 1500 kvadratkilometri keçmir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































