Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Hazırda oxunan: Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

619824

İki qonşu milyarder öz mülklərinin arasında heç vaxt yeni qonşunun peyda olmayacağına zəmanət almaq üçün ümumilikdə 67 milyon dollar xərcləyib.

Bizim.Media xəbər verir ki, "Oracle" korporasiyasının həmtəsisçisi Larri Ellison və "WeatherTech" şirkətinin yaradıcısı Devid Maknil Florida ştatının Manalapan şəhərində, okean sahilində yerləşən təxminən 1.6 hektarlıq torpaq sahəsini satın alaraq öz aralarında bölüblər.
 

Ən maraqlı məqam odur ki, bu torpaqda ilkin olaraq 285 milyon dollar dəyərində nəhəng bir meqa-malikanənin tikilməsi planlaşdırılırdı. İndi isə həmin elit ərazi iki nəhəng iqamətgah arasında sadəcə çox baha başa gələn bir bufer zonasına çevriləcək.


Torpağın alınmasını şərh edən Devid Maknil "The Wall Street Journal"a müsahibəsində zarafatla bildirib:

"Üç qızılı retriverimin (it cinsi) qaçması üçün bir az əlavə yerin olması hər zaman faydalıdır".

Daşınmaz əmlak reyestrinin məlumatlarına görə, Maknil ərazinin şimal hissəsi üçün 32 milyon dollar ödəyib. Larri Ellisonun isə cənub hissə üçün 35 milyon dollar ödəyəcəyi və sövdələşmənin yaxın həftələrdə tamamlanacağı gözlənilir.

Bu satınalma, ABŞ tarixində ən böyük və baha yaşayış layihələrindən birini həyata keçirmək istəyən developerlərin planlarını alt-üst edib. Manalapanın keçmiş meri və developer Stüart Satter tərəfindən irəli sürülən layihəyə əsasən, burada təxminən 4600 kvadratmetrlik saray ucaldılmalı idi. Əgər ev tikilib bəyan olunan qiymətə satılsaydı, ABŞ tarixində ən baha satılan yaşayış obyekti olacaqdı.
 

Satter bu ərazini 2024-cü ildə 27.5 milyon dollara almış və oradakı köhnə evi tamamilə sökərək içərisində boulinq, avtomobil muzeyi, spa-kompleks və qolf meydançası olan layihə hazırlatmışdı. Lakin əraziyə maraq göstərən ultra-zəngin alıcıların hamısı tikiləcək evi deyil, məhz boş torpaq sahəsinin özünü almaq istəyirdi.


Ekspertlərin fikrincə, bu seqmentdən olan insanlar başqasının zövqünə görə tikilən evi almaqdansa, mülklərini sıfırdan özləri inşa etməyə üstünlük verirlər. Elə buna görə də ötən ilin noyabrında ev layihəsi təxirə salınaraq torpaq sahəsi ayrıca 75 milyon dollara satışa çıxarılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO