Rusiyada çoxuşaqlı ailələrin maddi rifahını yaxşılaşdırmaq və mənzil tikintisi sektorunu stimullaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizminin yaradılması təşəbbüsü irəli sürülüb.
Bizim.Media xəbər verir ki, Rusiya İctimai Palatası ölkədə 2 milyon rubl (təxminən 38 000 AZN) həcmində "ata kapitalı"nın tətbiq edilməsini təklif edib.
Ekspertlərin fikrincə, bu sosial dəstək tədbiri eyni nikahdan üç və daha çox uşağı olan atalara şamil edilməlidir.
İctimai Palatanın rəsmiləri layihənin zəruriliyini ailədaxili sosial rolların dəyişməsi və iqtisadi yükün artması ilə əsaslandırıblar:
"Statistikaya görə, üç uşağı olan anaların 40 faizi artıq işləmir, dörd uşaqlı ailələrdə isə bu göstərici daha da aşağıdır. Belə olan halda ailənin bütün maliyyə yükü birbaşa atanın çiyinlərinə düşür. Məhz buna görə də çoxuşaqlı ataların əlavə kapital ilə stimullaşdırılmasına böyük ehtiyac var".
Təklif olunan proqramın həm də ölkədə fərdi mənzil tikintisinə olan tələbatı artıracağı və demoqrafik böhranın qarşısını almaqda mühüm rol oynayacağı gözlənilir. Qanun layihəsinin yaxın vaxtlarda hökumət tərəfindən nəzərdən keçiriləcəyi bildirilir.
Bizim.Media







































































































