ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Donald Tramp (Donald Trump Jr.) və Bettina Anderson toy tədbirlərini əsl prezident üslubunda davam etdirməyi planlaşdırırlar.
Bizim.Media xəbər verir ki, "PEOPLE" jurnalının əldə etdiyi məlumata görə, cütlük gələcəkdə birbaşa Ağ Evdə genişmiqyaslı toy qəbulu təşkil etmək niyyətindədir.
Tramplar ailəsinə yaxın mənbənin bildirdiyinə görə, həmin möhtəşəm rəsmi ziyafətdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın da iştirakı gözlənilir.
Maraqlısı budur ki, cütlük artıq rəsmən evlənib. "PEOPLE" jurnalının əldə etdiyi nikah lisenziyasına əsasən, kiçik Donald və Bettina mayın 21-də Floridada gizlicə nikah masasına əyləşiblər. Rəsmi qeydiyyat mərasimi Bettinanın əkiz bacısı Kristina Anderson Makfersonun Vest-Palm-Biçdəki (West Palm Beach) evində baş tutub. Nikahı isə Kristinanın həyat yoldaşı, daşınmaz əmlak üzrə vəkil Bredli Makferson kəsib.
Tramp ailəsinin adəti olan dəbdəbə və böyük səs-küydən qaçmaq istəyən cütlük ailə arasında kiçik və qapalı toy mərasimini isə Baham adalarında keçirib. Palm-Biçdən olan insayder qeyd edib ki, toyun məhz indi keçirilməsi hava şəraiti və siyasi təqvimlə bağlıdır:
"4 iyul (Müstəqillik Günü) Amerikaya məxsusdur, payızın əvvəli isə qeyri-sabit hava şəraitinə görə Cənubi Florida və adalarda toy üçün o qədər də yaxşı vaxt deyil. Ona görə də onlar mərasimi hər ikisinin çox sevdiyi məkanda məhz indi etmək qərarına gəldilər".
Xatırladaq ki, cütlüyün nişan mərasimi ötən ilin dekabrında Ağ Evdə keçirilən bayram tədbirlərindən biri zamanı baş tutmuşdu.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə etiraf edib ki, dövlət işlərinin çoxluğu səbəbindən həftəsonu keçirilən bu ailə içi mərasimdə şəxsən iştirak edə bilməyib:
"Oğlum kiçik Don və ailəmizin yeni üzvü — gələcək gəlinimiz Bettinanın yanında olmağı çox istəsəm də, ölkənin idarə edilməsi ilə bağlı vəzifələrim və Amerika Birləşmiş Ştatlarına olan sevgim mənə hazırda Vaşinqtonu tərk etməyə imkan vermir".
Qeyd edək ki, bu evlilik Bettina Anderson üçün birincidir. Kiçik Donald Tramp isə ikinci dəfə evlənib. Onun Vanessa Tramp ilə olan ilk nikahından 5 övladı (Kay, Donald III, Tristan, Spenser və Xloya) var.
İndi isə Tramp ailəsinin pərəstişkarları əsas sualı müzakirə edirlər: Görəsən, ABŞ-ın ən məşhur binası olan Ağ Ev yaxın gələcəkdə bu cütlüyün böyük toy qəbuluna ev sahibliyi edəcəkmi?
Bizim.Media




































































































