Dünyanın ən bahalı tərəvəzi statusunu heç də hər yerdə tapılmayan və toplanması son dərəcə ağır zəhmət tələb edən "hop shoots" (bhaqqa və ya mayaotu pöhrələri) daşıyır.
Bizim.Media xəbər verir ki, Avropa bazarlarında, xüsusilə Belçika və Niderlandda kiloqramı 1000 avrodan baha (təqribən 2 min manat) satılan bu yaşıl bığcıqlar, yazın gəlişi ilə torpaqdan cəmi bir neçə həftəlik qısa müddətdə boy göstərir.
Mayaotu bitkisinin qoxulu çiçəkləri pivə sənayesində istifadə edilsə də, onun bu zərif və kiçik pöhrələri lüks restoranların menyularını bəzəyən unikal bir delikatesə çevrilib.
Onları tapmaq və tək-tək əllə toplamaq saatlarca vaxt apardığı üçün qiyməti qızıl ilə yarışır. Dadı fındıq və qulançar qarışımını xatırladan bu tərəvəz təkcə qiyməti ilə deyil, həm də insan orqanizminə olan inanılmaz tibbi faydaları ilə diqqət çəkir.
Aparılan elmi araşdırmalara görə, mayaotu pöhrələri zəngin kimyəvi tərkibi sayəsində güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Tərkibindəki xüsusi turşular (humulon və lupulon) leykemiya (qan xərçəngi) başda olmaqla bir çox bədxassəli şiş hüceyrələrinin inkişafının qarşısını almaqda effektiv rol oynayır.
Eyni zamanda mərkəzi sinir sistemini sakitləşdirən təbii maddələrlə zəngin olan bu lüks tərəvəz yuxusuzluq, depressiya və kəskin həyəcan pozuntusundan əziyyət çəkənlər üçün əsl şəfa mənbəyidir.
Liflərlə zəngin olduğu üçün həzm sistemini tənzimləyir, qan şəkərini normada saxlayır və maddələr mübadiləsini sürətləndirərək piylənmə ilə mübarizəyə kömək edir. (Musavat.com)
Bizim.Media




































































































