Məlum olduğu kimi, Rusiya Dövlət Duması ölkə hüdudlarından kənarda çətin duruma düşən vətəndaşların müdafiəsi strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Sözügedən sənəd başqa dövlətlərin məhkəmə instansiyaları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya ordusunun tətbiqinə şərait yaradacaq.
Məlumata görə, sözügedən təşəbbüs Rusiyanın iştirak etmədiyi beynəlxalq məhkəmələrin və ya xarici hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin verilən hökmlərin rəsmi Moskvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yaxud BMT Təhlükəsizlik Şurasının sənədlərinə əsaslanmadığı vəziyyətlərə şamil ediləcək.
Xatırladaq ki, Rusiya hazırda Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) yurisdiksiyasını tanımır. Bu ölkə habelə BCM-nin Roma Statutunu da imzalamayıb. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasında da deyil. Bu səbəbdən Moskvada hesab edirlər ki, AİHM-in qərarları da Rusiya üçün məcburi deyil.
Görünən odur ki, qanun qüvvəyə minacəyi təqdirdə, Kreml “Rusiya vətəndaşlarını qorumaq” adı ilə başqa ölkələrə müdaxilə edə biləcək.
Xatırladaq ki, daha əvvəl Kreml Baltikyanı ölkələri Rusiya vətəndaşları və rusdilli əhali ilə bağlı narahatlıqlarını bildirmişdi.
Rusiyanın növbəti hədəfi Baltikyanı ölkələrdir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxilə imkanları olduqca aşağıdır:
“Həmin ölkələr NATO üzvüdürlər. Bu da ümumən onları şərqdən gələn təhlükədən qoruyur. Bu mənada Rusiya öz vətəndaşlarını qorumaq adı ilə çətin ki, Baltikyanı ölkələrə müdaxilə etsin. Belə vəziyyətin yaranması Rusiyanın NATO ilə üz-üzə gəlməsi demək olacaq”.
Deputatın fikrincə, sözügedən qanun layihəsi ilk növbədə MDB məkanı, əsasən də Ermənistana qarşı yönəlib:
“Rusiya Dövlət Duması tərəfindən birinci oxunuşda qəbul edilən bu qanun layihəsi ölkə Prezidentinə hər hansı bir digər dövlətdə Rusiya vətəndaşları təqib olunar və yaxud saxlanılarsa, həmin dövlətin ərazisində silahlı qüvvələrdən istifadə etməklə müdaxilə etmək imkanı verir. Bu ciddi narahatlığa səbəb ola biləcək bir qanun layihəsidir.
Yaranmış vəziyyətlə bağlı olaraq daha çox Rusiya qonşuluğunda olan Şərqi Avropa ölkələri narahatlıq ifadə ediblər. İlk növbədə də keçmiş postsovet ölkələri bunu özləri üçün ciddi təhlükə hesab edirlər. Bu, xüsusən də, Ermənistanda keçirilməsi gözlənilən parlament seçkiləri ərəfəsində Rusiyanın maraqlarını müdafiə edən seçkiyə qatılacaq şəxslərin Moskva tərəfindən qorunduğu barədə illüziya yaratmaq cəhdidir. Bu fonda Samvel Karapetyan məsələsi diqqət mərkəzindədir. Görünür, ona qarşı atılan addımlar müqabilində Ermənistanın da hədəf ola biləcəyi mesajı verilir”.
AMİP sədri qeyd edib ki, bu addım əslində rəsmi Moskvanın keçmiş sovet ölkələrini Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi adı altında hərbi təhdid altında saxlamaq cəhdi kimi dəyərləndirilir:
“Bu dəyişikliklə Rusiya başqa dövlətlərdə dinc insanların hüquqlarını müdafiə etmək məqsədilə özünün başqa dövlətlərin daxili işlərinə müdaxiləyə əsaslanan siyasi gedişlərini pərdələməyi düşünür. Ukraynaya hücuma bəhanə vermək üçün də vaxtilə Kreml orada yaşayan rusların hüquqlarının qorunması versiyasını irəli sürmüşdü”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 17.04.2026
Rusiyadan gözlənilməz ADDIM – Hədəfdə hansı ölkələr var?
Hazırda oxunan: Rusiyadan gözlənilməz ADDIM – Hədəfdə hansı ölkələr var?
Hazırda oxunan: Rusiyadan gözlənilməz ADDIM – Hədəfdə hansı ölkələr var?
607491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































