“Kibertəhlükəsizlik sahəsində xarici məhsullardan istifadənin mümkün risklərini bilmək və yerli texnologiyaların inkişaf etdirilməsi çox vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin müşaviri, Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinatoru Alpaslan Kesici lV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirəsində deyib.
Türkiyəli mütəxəssis bildirib ki, istifadə olunan kibertəhlükəsizlik məhsullarının hansı məqsədlərə xidmət etdiyi və məlumatları necə idarə etdiyi ciddi şəkildə araşdırılmalıdır.
“İstifadə etdiyiniz məhsul sizi həqiqətən qoruyurmu? Arxa planda məlumatlarınızı necə idarə edir? Daha açıq desək, orada ‘backdoor’ varmı, yaxud manipulyasiya riski mövcuddurmu? Bunlara diqqət yetirmək lazımdır”, – deyə o vurğulayıb.
Mütəxəssis qeyd edib ki, müharibə dövründə kiberməkanda bəzi məhsulların kritik məqamlarda etibarlı fəaliyyət göstərmədiyi müşahidə olunub.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə və qurumlarda istifadəçilər bəzi texnologiyaların lazım olan anda dəstəyi dayandırdığı ilə bağlı problemlərlə üzləşiblər.
"Əsas məqsədlərdən biri yerli kibertəhlükəsizlik məhsullarının hazırlanması və inkişaf etdirilməsidir".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media





































































































