Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

Hazırda oxunan: Sürücüsüz nəqliyyat vasitələrinə belə NƏZARƏT EDİLƏCƏK

617169

Avtonom nəqliyyat vasitəsinin operatoru avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət edə biləcək.
 
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, eyni zamanda avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri vardır:

- avtonom nəqliyyat vasitəsinin istismarıtəhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;

- avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;

- avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;

- avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;

- avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin bu Qanunun 36-cı maddəsinin I hissəsinin 1 – 3-cü bəndlərində, 37-ci maddəsinin I hissəsinin 3–7-ci və 11-ci bəndlərində, 42-ci maddəsində, 43-cü maddəsinin I, II və IV hissələrində, 44-cü maddəsinin I – II, hissələrində, III hissəsinin 1-6-cı bəndlərində, IV hissəsində, 48-ci – 51-ci maddələrində, 52-ci maddəsinin I-VIII hissələrində, 53-cü maddəsinin IV, X, X-I, X-II, XV, XVI, XVII, XXIII, XXIV hissələrində, 54-cü, 56 - 58-ci, 60-cı maddələrində nəzərdə tutulan tələblərə uyğun  fəaliyyətinə nəzarət etmək;

-avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.
 

O cümlədən, fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə alacaqlar.


Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci hissəsində və 22-1-ci maddəsinin 2 – 4-cü, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
 

Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradacaq və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edəcək.


Layihəyə görə, avtonom nəqliyyat vasitələrinin məsafədən idarəetmə mərkəzi aşağıdakı tələblərə cavab verməlidir:
 
- avtonom nəqliyyat vasitəsinin hərəkətinin fasiləsiz monitorinqini, onunla etibarlı və fasiləsiz rabitəni təmin edən avadanlıqlara, o cümlədən video müşahidə və vizuallaşdırma avadanlıqlarına və proqram təminatına malik olması;
 
- operator tərəfindən   avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət olunmasını, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə həmin nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasını təmin etməyə imkan verən işçi interfeysinin olması;
 
-avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə giriş zamanı identikləşdirmə, girişə nəzarət və əməliyyatların qeydiyyatı üzrə texniki həllərin mövcud olması.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO