Tədris ilinin başa çatmasına sayılı günlər qaldıqca həm universitet tələbələri, həm də məktəb məzunları məzuniyyət sevinclərini qeyd etməyə hazırlaşırlar. Adətən təhsil müəssisələrinin təşkil etdiyi məzun günü və "Son zəng" tədbirləri ilə yanaşı, məzunlar özləri də restoranlarda və digər məkanlarda əyləncəli gecələr təşkil edirlər.
Son illər bu tədbirlərin təşkili üçün xüsusi şirkətlərin xidmətlərindən istifadə edənlərin sayı da artıb. Məzun gecələrinin təşkilatçıları iştirakçılara müxtəlif xidmət paketləri təklif edir ki, bunun da qiyməti adətən hər nəfər üçün 150-200 manat arasında dəyişir.
Lakin təqdim olunan xidmət paketlərinin məzmunu bəzən müzakirələrə səbəb olur. Belə ki, yemək, musiqi və foto-video çəkilişlə yanaşı, "qonaqların qapıda qarşılanması", "yerlərə yönləndirilməsi", xüsusi təqdimatlar və digər əlavə xidmətlər də paketlərə daxil edilir.
Bəzi valideynlər və məzunlar hesab edirlər ki, bu xidmətlərin bir qismi zərurətdən daha çox marketinq məqsədi daşıyır və məhz bu səbəbdən qiymətlər süni şəkildə yüksəldilir.
Bəs məzun gecələri üçün təklif olunan bu xidmət paketləri həqiqətən zəruridirmi, yoxsa təşkilatçı şirkətlərin tətbiq etdiyi marketinq taktikasıdır?
Bizim.Media mövzuyla əlaqədar marketoloq Elxan Mərdanlının fikirlərini öyrənib. Mütəxəssis ilk olaraq bildirib ki, sözügedən xidmətlər siyahısı bəzi hallarda həqiqətən vacibdir, ancaq burada mübaliğəli məqamlar da var:
"Məncə bu məsələyə yalnız marketinq hiyləsi və ya tamamilə zəruri xidmət kimi baxmaq düzgün deyil. Hər iki tərəfin həqiqət payı var. Məzun gecəsi yüzlərlə insanın iştirak etdiyi bir tədbirdir və belə tədbirlərdə qonaqların qarşılanması, əyləşdirilməsi, proqramın idarə olunması, təhlükəsizlik və ümumi nizam-intizam kimi məsələlərin əvvəlcədən planlaşdırılması həqiqətən vacibdir. Əks halda tədbirdə xaos yarana bilər.
Amma digər tərəfdən, xidmət paketlərində təqdim olunan bəzi bəndlər bəzən olduğundan daha təsirli göstərilir. Məsələn, adi təşkilati işlər uzun və cəlbedici ifadələrlə təqdim edilir ki, paket daha dəyərli görünsün. Bu da marketinqin normal alətlərindən biridir".
Mütəxəssis düşünür ki, əsas məsələ xidmətlərin adında deyil, onların real olaraq hansı keyfiyyətdə təqdim edilməsindədir.
"Valideynlər və tələbələr uzun xidmət siyahısına deyil, ödənilən məbləğin qarşılığında nə əldə etdiklərinə, tədbirin səviyyəsinə, məkanın keyfiyyətinə, proqramın təşkilinə və iştirakçıların məmnunluğuna diqqət yetirməlidirlər.
Yəni, bu paketlərin içində həqiqətən lazım olan xidmətlər də var, marketinq məqsədilə şişirdilmiş təqdimatlar da. Əsas olan reklam mətnindən çox, göstərilən xidmətin real nəticəsidir".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 04.06.2026
150-200 manatlıq məzun paketləri - Zərurət, yoxsa marketinq oyunu?
Hazırda oxunan: 150-200 manatlıq məzun paketləri - Zərurət, yoxsa marketinq oyunu?
Hazırda oxunan: 150-200 manatlıq məzun paketləri - Zərurət, yoxsa marketinq oyunu?
617210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































