Moderator.az xəbər verir ki, güclü yağış avtomobillərin hərəkətini məhdudlaşdırıb, bəzi avtomobillər yolda qalıb.
Quba rayonunun Alpan kəndində də bəzi evləri su basıb, hətta bir azyaşlı uşaq sel sularına qərq olsa da, xilas edilib. Başından yaralanan azyaşlıya tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.
Rayonun Əzizbəyov küçəsində yağış sularının yaratdığı sel nəticəsində yerli sakinlər Xanlar Abdurrəhmanov və Fatma Abdulkərimova məxsus evlər uçub. Daha iki evi isə su basıb. Sakinlər ərazidən evakuasiya olunub. Bundan başqa, Qusarçay çayı daşıb, çayın üzərindəki körpüdə böyük tıxac meydana gəlib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev "Report"a açıqlamasında bildirib ki, rayonun Əzizbəyov küçəsində 3 ev uçub: "Hazırda bütün şimal bölgəsindən yardım çağırılıb, əraziyə xeyli canlı qüvvə və texnika cəlb olunub".
Məlumata görə, rayonun Çiləgir kəndində də bir ev uçub, sahibi xəsarət alıb. Kənddə daha 5 evi su basıb.




































































































