“Zəfər Parkında oğlumun şəkli olmayacaq” - Vətən Müharibəsində oğlunu itirmiş ana FƏRYAD ETDİ 

Hazırda oxunan: “Zəfər Parkında oğlumun şəkli olmayacaq” - Vətən Müharibəsində oğlunu itirmiş ana FƏRYAD ETDİ 

82541

Vətən müharibəsi qazisi, baş-leytenant Dünyamir Məmmədovun ölümünün ildönümüdür. Qəhrəmanımız 2021-ci il iyul ayının 5-də Laçında xidmət zamanı sətəlcəm olub. Səhhəti gərginləşən Dünyamir Məmmədov Bakıda bir neçə xəstəxanada müalicə alsa da, böyrək çatışmazlığından dünyasını dəyişib. 

1993-cü ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Dünyamir Məmmədov uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.  Doğmalarının söylədiyinə görə qəhrəmanımız vətəninə, dövlətinə həddinədən artıq bağlı olub və elə fəaliyyətini də bu yöndə xidmətə həsr edib.  

Bağrına basanda, içimdən qəribə hiss keçdi...

Oğlu ilə bağlı xatirələrini Bizim.Media-ya bölüşən qazimizin anası İsmət Məmmədova oğluna şəhidlik statusunun verilməməsindən gileylənib:

Oğlum yaralanana qədər, hətta xəstəxanada müalicə olunanda da onun Vətən müharibəsində olduğunu bilmirdim. Silahlı qüvvələrin hərbi qulluqçusu və xüsusi təyinatlı kəşfiyyatçı idi. Ara-sıra yoldaşları ilə gəlib baş çəkib gedirdi. Sentyabrın 22-də xidmət yoldaşı Poladla gəldi. Xeyli oturdular. Çıxanda mənimlə həmişəkindən daha fərqli görüşdü. Elə bağrına basdı ki, məni... İçimdən qəribə bir hiss keçdi. Sentyabrın 27-də televizoru açanda “Müharibə başlayıb” yazısını gördüm. 10 gün oğluma zəng çatmadı. Sonra atasına yığıb narahat olmamağımızı və yaxşı olduğunu dedi. Kəndimizdən bir nəfər şəhid olmuşdu.
 

Oğlumla telefonda danışanda dedim ki, Ruzi İbrahimov şəhid olub. Onda qayıtdı ki, “hə, mən onu Hadrutda gördüm”. Soruşdum ki, bəs sən niyə Hadrutdasan? Dedi əsgərlərə yemək gətirmişik. Yenə də anlamadım ki,  oğlum döyüşlərin ən qızğın yerindədir”.

 
“Tez sağaldın, qardaşlarım gözləyir”

Ana deyir ki, oğlu Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan, Murovdağ və Qubadlı döyüşlərində göstərdiyi şücaətə görə 8 medalla təltif olunub:

“Oğlum ayağından yaralanmışdı. 3 gün Şirvan Hərbi Hospitalında müalicə alıb sağalandan sonra yenidən döyüşə qayıdıb. Xəstəxanada tibb bacılarına “Məni tez sağaldın, qardaşlarım gözləyir” deyirmiş. Hətta komandir ilk yaralananda onu döyüşməyə qoymurmuş Amma o, inad edib. Qrup komandirinin müavini olduğuna görə yoldaşlarının yanına qayıdıb. Dünyamir ikinci dəfə Cəbrayılda ayağının bud hissəsindən yaralanmışdı. Xəstəxanadan sonra 15 gün evə buraxıldı. O zaman artıq müharibə bitmişdi. Evdə olduğu müddətdə də heç nə danışmırdı, hər şeyi gizli saxlayırdı. Laçında 52 günlük xidmət üçün çağırılanda tam sağalmamışdı.  50 gün orada qaldı və xidməti vəzifəsini yerinə yetirdi. Amma səltəlcəm olmuşdu. Yoldaşlarının dediyinə görə vəziyyəti günbəgün gərginləşirdi. Ona geri qayıtması bildirilsə də, 52 günlük tapşırığı başa çatdırmaqda israrlı idi. Xidmətin bitməyinə 2 gün qalmış oğlumun halı pisləşib. Onu Bakıya gətirəndə nəfəs ala bilmirdi. Ayrı-ayrılıqda 5 xəstəxanada müalicə olundu. Kəskin pnevmaniya və böyrək çatışmazlığı onu həyatdan əbədiyyən apardı. Amma mətbuatda oğlumun koronavirusdan dünyasını dəyişdi yazıldı.
 

Halbuki heç bir müayinə və analizində COVID aşkarlanmamışdı. Oğlumun bir sözünu unuda bilmirəm. Deyirdi ki, Allah qarşısında nə qədər günahım var bilmirəm. Amma əminəm ki, heç haqq yeməmişəm”. 


“Bir şəhidlik nədir ki?”

Ana oğluna şəhidlik statusunun verilməsi ilə bağlı əlaqədar qurumlara müraciət etdiyini də vurğulayıb. Müdafiə Nazirliyindən ailəyə bildirilib ki, qanunvericiliyə görə güllə dəyməyənə şəhidlik statusu verilmir:

“Oğlum müharibədə iki dəfə ayağından güllə yarası alıb. Ölümünə səbəb də məhz Laçında xidməti tapşırıqlarını yerinə yetirən zaman soyuqlaması olub. Oğlum görünməyən qəhrəmandır, onu heç kim eşitmir, görmür. Dünyamirin qəhrəmanlığını heç kim bilmək və görmək istəmir. Prezident Zəfər Parkının hazırlanması ilə bağlı tapşırıq verib. Amma o parkda oğlumun şəkli olmayacaq. Ora necə gedim? Yeganə arzum Zəfər Parkında oğlumun şəklini görməkdir. Barəsində nəvələrimə danışmaqdır. Bir şəhidlik nədir ki?”, - deyə ana fəryad edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO