Bir müddət öncə ali məktəblərə qəbul imtahani vermiş əvvəlki illərin məzunlarının nəticələri hər kəsi təəccübləndirib. Məlum olub ki, imtahan iştirakçılarının 90 faizi minimal balı -200-ü keçə bilməyib.
Statistik məlumatlar ötən illərdəki vəziyyətdən daha acınacaqlıdır.Əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanlarında iştirak edən 29 min 4 abituriyentdən cəmi 36 nəfər 600-dən çox bal toplayıb.
1-ci ixtisas qrupu üzrə imtahanda iştirak etmiş 11 min 874 abituriyentdən cəmi 963 nəfəri , 2-ci qrupu üzrə 7 min 224 nəfərdən 1117 nəfəri, 3-cü ixtisas qrupu 7 min 812 nəfərdən 1934 və 4-cü qrupu üzrə 2 min 94 nəfərdən cəmi 235-i 200-dən yüksək bal toplayıb. İmtahandan keçənlərin böyük əksəriyyəti müsabiqədən kənarda qalıb. Əvvəlki illərin məzunlarının hər zaman aşağı nəticələr göstərdiyi bəlli olsa da, bu dərəcədə biliksizlik cəmiyyətdə təhsil sisteminə qarşı inamsızlıq yaradıb.
Bəs görəsən, 11 illik orta təhsil bazasını başa vuran, illərlə repititor yanında hazırlaşan, bunun üçün minlərlə manat pul xərcləyən insanlar niyə ali məktəbə qəbul ola bilmir? Bu durumun günahkarı kimdir: gənclər, valideynlər, müəllimlər, yoxsa ümumilikdə təhsil sistemi?
Sorğu iştirakçıları olan orta nəslin nümayəndələri səbəbi təhsil sistemindəki çatışmazlıqlarda, gənclər isə onların vaxtını istismar edən sosial şəbəkələrdə və əyləncələrdə görüblər.
Sorğu iştirakçılarının maraqlı cavablarını təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


































































































