Məktəblilər deyil, məktəblər örtünsün!

Məktəblilər deyil, məktəblər örtünsün!

Hazırda oxunan: Məktəblilər deyil, məktəblər örtünsün!

641263

Fikrimcə, cəmiyyət üçün prinsipial məsələlərdə prinsipial olmaq lazımdır. Hər məsələni ümumi müzakirəyə çevirmək, hər qaydanı sonsuz mübahisələrin predmetinə döndərmək doğru deyil.
 

Məktəblilərin vahid geyim forması məsələsi də bu qəbildəndir. Söhbət kiminsə başörtüyünə qarşı çıxmaqdan deyil, ümumilikdə məktəblərdə qayda-qanunun, nizam-intizamın və vahid təhsil mühitinin qorunmasından gedir.


Bir tərəfdə başını örtən, digər tərəfdə isə məktəb mühitinə uyğun olmayan geyim və görünüş tərzini seçən şagirdlər var. Ekstravaqant saç düzümləri, makiyaj, mini ətəklər və digər zahiri nümayiş elementləri... Bütün bunlar təhsil məkanında sərhədlərin haradan keçməli olduğu barədə ciddi suallar doğurur.

Məktəb öz qaydaları, öz estetikası və öz intizamı olan bir məkandır. Burada əsas meyar ayrı-ayrı şəxslərin fərdi istəkləri deyil, hamı üçün eyni şəkildə tətbiq edilən qanun və qaydalar olmalıdır. Çünki qaydaların ardıcıl tətbiq olunmadığı yerdə istisnalar çoxalır, güzəştlər normaya çevrilir, norma isə tədricən öz qüvvəsini itirir.

Bu gün əhəmiyyətsiz görünən güzəştlər sabah daha böyük ziddiyyətlərin əsasını yarada bilər. Cəmiyyəti uçruma yuvarlandırır. 

Əlbəttə, məktəbli qızların baş örtüyü məsələsi də bu müzakirənin bir hissəsidir. Ancaq məsələni yalnız din və inanc müstəvisinə çəkmək, onu cəmiyyətin bütün problemlərindən təcrid olunmuş şəkildə müzakirə etmək problemin mahiyyətini kölgədə qoyur. Sual budur: məktəb hansı prinsiplərlə idarə olunmalıdır? Fərdi seçimlər ümumi qaydaları nə dərəcədə müəyyən edə bilər? Sekulyar təhsil mühitində hamı üçün eyni meyarların tətbiqi nə üçün mübahisə mövzusuna çevrilməlidir?
 

Bu suallar sosial şəbəkələrin özünü alim, mütəxəssis və fateh elan etmiş qəhrəmanları tərəfindən uzadıla, dartışdırıla, saysız-hesabsız mübahisələrə çevrilə bilər. Hər kəsin öz arqumenti, öz həqiqəti olacaq.


Mən isə hər kəsdən üzr istəyərək, fikrimi qısa və açıq ifadə etmək istəyirəm: Əzizlərim, bu tənəzzüldür! Məktəb şəxsi dünyagörüşlərinin nümayiş meydanı deyil, təhsil və tərbiyə məkanıdır. Burada nə dini, nə də dünyəvi seçimlərə görə ayrı-seçkilik edilməli, amma ümumi qaydalar da heç kəsin istəyi naminə pozulmamalıdır. Sekulyar dövlətin gücü məhz qanunun aliliyində və qaydaların hamıya bərabər tətbiqindədir.

Məncə, müzakirənin mahiyyəti məhz budur. Qaydasızlıq azadlıq, güzəşt isə hər zaman tolerantlıq demək deyil. Təhsil məkanında prinsipiallıqdan geri çəkilmək gələcəyin daha böyük problemlərinə yol aça bilər.

Ona görə bir daha təkrarlayıram:

Məktəblilər deyil, məktəblər örtünsün!

Vəli Əkbər, telejurnalist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO