“Yeni lokomotivlər Azərbaycan Dəmir Yolları tarixində Çindən alınan ilk hərəkət tərkibləridir. Bu lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, yeni texnologiyalar daha ağır tonnajlı yüklərin daşınmasına imkan verir:
“Bu da yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradır. Bu lokomotivlər Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzrə yük daşımalarında istifadə olunacaq. Həmçinin onlar Beynəlxalq Dəmir Yolları Təşkilatının üçüncü nəsil ekoloji standartlarının tələblərinə cavab verir.
Bu lokomotivlərin əsas üstünlüklərindən biri onların birlikdə idarə oluna bilməsidir. İki lokomotiv ardıcıl qoşularaq vahid briqada tərəfindən idarə edilə bilər. Beləliklə, daha ağır yüklərin daha uzun məsafələrə daşınması mümkün olur".
Şəfiqə Şəfa. Bizim.Media


































































































