Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-da başa çatır.
Bizim.Media xəbər verir ki, tələbə adını qazanmaq üçün 81 mindən çox abituriyent ərizəsini təsdiqləyib.
Əvvəlki illərdə olduğu kimi, bu il də III ixtisas qrupuna müraciət edənlərin sayı üstünlük təşkil edir. Abituriyentlər isə plan yerlərinin azlığı səbəbindən ali məktəbə qəbul oluna bilmədiklərini bildirirlər.
Təhsil ekspertlərinin sözlərinə görə, plan yerləri ilə müraciət edən abituriyentlərin sayı tərs mütənasibdir. Onlar hesab edirlər ki, plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilməlidir.
Məsələ ilə bağlı Baku TV-yə danışan təhsil eksperti İlham Əhmədov bildirib ki, qəbul planında artım az olsa da, abituriyentlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb:
"Müraciət edənlərin sayı təxminən 10 faiz artsa da, plan yerlərinin artımı 1 faizdən azdır. Qəbul planının müəyyənləşdirilməsi və gələcək əmək bazarının proqnozlaşdırılması elmi əsaslarla aparılmır, daha çox kortəbii xarakter daşıyır. Xüsusilə, süni intellekt dövründə bir çox peşələrin sıradan çıxması və kütləvi işsizlik riski gözlənilir. Bu səbəbdən həm ixtisas seçimi zamanı, həm də plan yerləri müəyyənləşdirilərkən bu amillər mütləq nəzərə alınmalıdır".
Bizim.Media




































































































